Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
2025-ci ilin mart ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 430 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 74-ü məlumat üçün olmaqla 375 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 6-sı məlumat xarakterli olmaqla 50 müraciət olunub. İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 3 müraciət göndərilib.
Müraciətlərdən 151-i Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (2 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 3 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 195 müraciət hazırda baxılma prosesindədir, 81 məlumat xarakterli müraciətdən 25-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 12 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 23 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 9 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 53 inzibati xəta haqqında işə baxılıb, onlardan 51 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 1 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub və 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilməsi üçün məhkəməyə göndərilib.
Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 83 nəzarət tədbiri keçirilib.
İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 2 nəzarət tədbiri keçirilib.
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 72 nəzarət tədbiri keçirilib.
Agentlik tərəfindən hesabat dövrü ərzində 16 müəssisədə 35 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.