EMTA fəaliyyət istiqamətlərinə dair 2026-cı ilin avqust ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2026-09-09 12:41:00
  • KateqoriyasıPress-relizlər

2026-cı ilin avqust ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1711 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 270-i məlumat üçün olmaqla 1552 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 10-u məlumat xarakterli olmaqla 138 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 1-i məlumat üçün olmaqla 19 müraciət göndərilib.

Müraciətlərdən 698-i Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (27 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 8 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 724 müraciət hazırda baxılma prosesindədir, 281 məlumat xarakterli müraciətdən 141-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 9 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 26 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 3 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 14 inzibati xəta haqqında işə baxılıb və inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 83 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 65 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 18 müəssisədə 61 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.