EMTA fəaliyyət istiqamətlərinə dair 2026-cı ilin sentyabr ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2026-10-09 09:49:00
  • KateqoriyasıPress-relizlər

2026-cı ilin sentyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1372 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 290-ı məlumat üçün olmaqla 1212 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 16-sı məlumat xarakterli olmaqla 150 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 1-i məlumat üçün olmaqla 8 müraciət göndərilib.

Müraciətlərdən 514-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (4 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 547 müraciət hazırda baxılma prosesindədir, 307 məlumat xarakterli müraciətdən 152-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 12 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 39 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 28 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 16 inzibati xəta haqqında işə baxılıb, onlardan 15 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 1 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 66 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 55 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 37 müəssisədə 79 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.