EMTA fəaliyyət istiqamətlərinə dair aprel ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2024-05-08 10:15:00
  • KateqoriyasıPress-relizlər

Cari ilin aprel ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 578 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 55-i məlumat üçün olmaqla 519 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 11-i məlumat xarakterli olmaqla 53 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 1-i məlumat üçün olmaqla 4 müraciət göndərilib.

Müraciətlərdən 233-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (4 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 277 müraciət hazırda baxılma prosesindədir, 67 məlumat xarakterli müraciətdən 22-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 22 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 31 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 21 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 14 inzibati xəta haqqında işə baxılıb, onlardan 11 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 3 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 103 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 80 nəzarət tədbiri keçirilib.

15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 225 müraciət qəbul edilərək icra olunub.

Agentlik tərəfindən hesabat dövrü ərzində 20 müəssisədə 52 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.