Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Cari ilin mart ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 473 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 53-ü məlumat üçün olmaqla 391 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 5-i məlumat xarakterli olmaqla 59 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 14 müraciət edilib. Digər məsələlərlə bağlı 4-ü məlumat üçün olmaqla 9 müraciət göndərilib.
Müraciətlərdən 138-i Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 272 müraciət hazırda baxılma prosesindədir, 62 məlumat xarakterli müraciətdən 27-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 9 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 16 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 23 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 10 inzibati xəta haqqında işə baxılıb və inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.
Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 96 nəzarət tədbiri keçirilib. İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 2 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 79 nəzarət tədbiri keçirilib.
15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 180 müraciət qəbul edilərək icra olunub.
Agentlik tərəfindən hesabat dövrü ərzində 19 müəssisədə 40 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.