EMTA fəaliyyət istiqamətlərinə dair may ayı üzrə nəticələri açıqlayıb
  • Publikasiya tarixi2024-06-07 10:08:00
  • KateqoriyasıPress-relizlər

Cari ilin may ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 577 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 79-u məlumat üçün olmaqla 521 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 7-si məlumat xarakterli olmaqla 44 müraciət olunub. İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 4 müraciət edilib. Digər məsələlərlə bağlı 8 müraciət göndərilib.

Müraciətlərdən 233-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 3 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 252 müraciət hazırda baxılma prosesindədir, 89 məlumat xarakterli müraciətdən 38-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 8 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 20 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 16 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 102 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 84 nəzarət tədbiri keçirilib.

15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 334 müraciət qəbul edilərək icra olunub.

Agentlik tərəfindən hesabat dövrü ərzində 20 müəssisədə 59 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.