EMTA-nın 3 əməkdaşı “MDB-nin əməkdar energetiki” medalı ilə təltif olunub
  • Publikasiya tarixi2021-10-20 18:47:00
  • KateqoriyasıPress-relizlər

20 oktyabrda Energetiklər Günündə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşlarına “MDB-nin əməkdar energetiki” vəsiqə və medallarının təqdim olunması mərasimi keçirilib.

Agentliyin Texniki normativ tənzimləmə şöbəsinin müdiri Elçin Məmmədova, Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənova və Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyevə “MDB-nin əməkdar energetiki” fəxri adları verilib.

EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov dövlət başçısı tərəfindən atılan addımlar və qəbul olunan qərarlar sayəsində Azərbaycanın enerji strategiyasının dünyanın diqqət mərkəzində olduğunu bildirib və qeyd edib ki,  həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji sektorunda  böyük infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin energetika sisteminin səmərəliliyinin artırılması Azərbaycanın energetika sahəsində yaradılan möhkəm bazanın bariz nümunəsidir.

Samir Axundov bu şərəfli və çətin peşədə var qüvvəsi ilə çalışmış əməkdaşlara ölkənin energetika sektorunun bugünkü səviyyəyə yüksəlməsi üçün verdikləri töhfəyə görə dərin təşəkkürünü bildirərək onları peşə bayramı və fəxri ada layiq görülmələri münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar, sağlam və xoşbəxt həyat arzulayıb. EMTA-nın İdarə Heyətinin sədrinin müavini Rövşən İsmayılov da təbriklərə qoşularaq energetiklərə yaradıcı işlərində uğurlar və can-sağlığı arzulayıb.

Ölkə və MDB energetikasının inkişafındakı rollarına görə mükafatlandırılan əməkdaşlar İdarə Heyətinə təltifə görə minnətdarlıq edərək, intizamlı, işgüzar, yeniliyə meyilli və işinin peşəkarları olan kollektivdə işlədiklərinə görə keçirdikləri qürur hislərini dilə gətiriblər.

Sonda Elçin Məmmədov, Hikmət Həsənov və Pərviz Əliyev “MDB-nin əməkdar energetiki” medalı ilə təltif olunublar. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, hər il 20 oktyabrda Azərbaycan energetikləri peşə bayramını qeyd edir.


Qısa məlumat


Hikmət Həsənovun  28 il elektroenergetika sahəsində bir sıra rəhbər vəzifələrdə işləməklə, ümumilikdə 34 il əmək fəaliyyəti vardır. 1980-ci ildə “Kirovneft” Neft-qaz Çıxarma İdarəsində elektrik montyoru vəzifəsində əmək fəaliyyətinə başlayıb. Energetikanın iqtisadiyyatı və təşkil üzrə ali təhsil alaraq müxtəlif dövlət qurumlarında iqtisadçı, plan-iqtisad şöbəsinin rəisi vəzifələrində işləyib.Əmək fəaliyyətinin 11 ilini əvvəlcə “Azərenerji” ASC-də iqtisadiyyat şöbəsinin rəisi, sonra Enerji Təchizat İdarəsinin rəisi işləyib.2 il “Azərişıq” ASC-nin “Şirvan” RETSİ-in rəisi olub. 2018-ci ildən Agentliyin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri işləyir.2004-cü ildəMüstəqil Dövlətlər Birliyinin “Əməkdar energetiki” fəxri adına layiq görülüb.


Elçin Məmmədov 34-illik əmək fəaliyyəti ərzində Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis, 2-ci kateqoriyalı mühəndis-konstruktor,  mühəndis-texnoloq vəzifələrində çalışıb. Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin fabrikində baş energetik və kommersiya firmasında direktor müavini işləyib. 5 il SOCAR-ın Neft Kəmərlərinin İstismarı şöbəsində mühəndis və 6 il kommersiya müəssisəsində Texniki şöbəyə rəhbərlik edib. 15 il ərzində “Azərenerji” ASC-də şöbə rəisinin müavini,  baş mühəndisin müavini, baş mühəndis, direktor, rəis vəzifələrində çalışıb. 2018-ci ildən Agentliyin Texniki normativ tənzimləmə şöbəsinin müdiridir. 2009-cu ildə Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin “Tərəqqi” medalına layiq görülüb.


Pərviz Əliyev ilk əmək fəaliyyətinə 2003-cü ildə “Barmek Azərbaycan Elektrik Şəbəkəsi”ndə əvvəlcə sayğac quraşdırıcısı kimi başlayıb, sonra isə mühəndis olaraq davam edib. 2006-cı ildən “Bakelektrikşəbəkə” ASC-də mühəndis, bölmə rəisi, aparıcı mühəndis vəzifələrində çalışıb. 2015 - 2017-ci illərdə “Azərişıq” ASC-nin Aran RETSİ-də satış üzrə müavin olub. 2017-ci ildə “ASAN Kommunal”da departament müdirinin müavini və müdiri vəzifələrində çalışıb. 2018-ci ildən Agentlikdə işə başlayıb və hazırda Enerji tənzimləmə və monitorinq departamentinin direktorudur.