EMTA-nın əməkdaşının həmmüəllifi olduğu hesabat beynəlxalq qurum tərəfindən dərc olunub
  • Publikasiya tarixi2026-05-07 09:55:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanovun həmmüəllifi olduğu “Elektromobillik: mövcud vəziyyət, inkişaf planları və əlaqəli tənzimləyici məsələlər” adlı yeni hesabat Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) tərəfindən dərc olunub.

ERRA-ya üzv olan 25 qurumun məlumatları əsasında Enerji keçidi komitəsi tərəfindən hazırlanmış hesabat inkişaf edən elektromobillik sahəsinə hərtərəfli baxış təqdim edir.

Belə ki, ERRA-nın 2025-ci il üzrə elektromobillik sorğusunun nəticələrinin təqdim olunduğu sənəddə elektromobillik sahəsində hüquqi və tənzimləyici çərçivə, elektrik nəqliyyat vasitələri üçün şarj infrastrukturunun mövcud vəziyyəti və gələcək inkişaf planları, elektromobilliyin elektrik enerjisi sistemlərinə təsiri, milli tənzimləyici qurumların bu sahədə rolu kimi mühüm məsələlər təhlil olunub, bu istiqamətlərdə əsas nəticələr və strateji tövsiyələr təqdim olunub.

Hesabatda həmçinin iqlim öhdəlikləri, texnoloji inkişaf və istehlakçı davranışındakı dəyişikliklərin fonunda elektromobillik sahəsinin sürətlə genişləndiyi vurğulanır.