EMTA-nın İdarə Heyətinin sədri 29-cu Bakı Enerji Forumunda çıxış edib
  • Publikasiya tarixi2024-06-07 16:12:00
  • KateqoriyasıPress-relizlər

 


Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Bakı Enerji Forumunun “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” plenar müzakirəsində iştirak edib və sualları cavablandırıb.

Enerji keçidi ilə bağlı danışan Samir Axundov bildirib ki, yaşıl enerji haqqında danışarkən yalnız yeni istehsal güclərinin yaradılması deyil, həm də bərpa olunan enerji mənbələrinin enerji sisteminə təhlükəsiz və səmərəli şəkildə inteqrasiyası kimi məsələləri özündə birləşdirən kompleks yanaşma nəzərdə tutulur. AİH sədri təbii inhisarlar olan ötürücü və paylayıcı sistemlərin tənzimlənməsindən söz açaraq, elektrik enerjisi bazarının liberallaşdırılması, həmçinin şəbəkənin tələb olunan çevikliyini qarşılamaq üçün investisiyalara ehtiyac olduğunu qeyd edib.

Samir Axundov elektrik enerjisinin istehsalından tutmuş, enerjinin saxlanması, ötürülməsi, paylanması, təchizatı və nəhayət, istehlakçılaradək - dəyər zəncirinin bütün iştirakçılarını razı salmaq məqsədilə yeni tarif yanaşmaları və tarif metodologiyaları tətbiq edilməli olduğunu qeyd edib.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Enerji effektivliyi fondunun vəsaitinin sərəncamçısı kimi müəyyən edildiyini deyən Samir Axundov bildirib ki, sözügedən fondun əsas vəzifələrindən biri də bərpa olunan enerji mənbələrindən istifadəni dəstəkləməkdir.

Panel müzakirələrində həmçinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA), Boston Consulting Group, CESI, Masdar, ACWA Power və digər şirkətlərin nümayəndələrinin çıxışları dinlənilib.