EMTA nümayəndəsi Avropa Enerji Tənzimləyiciləri Şurasının regional təlimində iştirak edib
  • Publikasiya tarixi2024-05-17 14:17:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) müşaviri Murad Gözəlov “EU4Energy” proqramının II mərhələsi – “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən “Elektrik enerjisi bazarlarının birləşdirilməsi” mövzusunda Lissabonda təşkil olunmuş regional təlimdə iştirak edib.

Təlimin məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin bazarlarının birləşdirilməsi, zonalararası ticarət və tənzimləmə siyasəti üzrə imkanlarının gücləndirilməsi, eləcə də iştirakçı ölkələr arasında regional əməkdaşlığın təşviq edilməsi olub.

Təlim zamanı iştirakçılar İspaniya-Portuqaliya elektrik enerjisi bazarlarının birləşdirilməsi təcrübəsi ilə tanış olmaq imkanı əldə ediblər. Elektrik enerjisi bazarlarının birləşdirilməsi ticarət ehtiyatları üçün qənaətcil imkanları təqdim etməklə, enerji bazarında rəqabəti artırmaqla, eyni zamanda investisiyaların cəlb edilməsi üçün uzunmüddətli etibarlılıq və şəffaflığı təmin etməklə elektrik enerjisi bazarlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müxtəlif imkanlar yaradır.

Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi “EU4Energy” proqramı Avropa Enerji Tənzimləyici Şurası (CEER), Beynəlxalq Enerji Agentliyi (IEA) və Enerji İcması Katibliyi (EnCS) tərəfindən birgə icra edilir.