EMTA və ABA arasında Enerji effektivliyi fondunun fəaliyyəti çərçivəsində görüş keçirilib
  • Publikasiya tarixi2025-05-27 18:21:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi arasında Enerji effektivliyi fondunun fəaliyyəti çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmləri və banklarla əməkdaşlıq imkanlarının müzakirəsi ilə bağlı görüş keçirilib.

EMTA-nın və ABA-ya üzv təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş onlayn görüşdə Enerji effektivliyi fondunun vəsaitlərindən istifadə mexanizmləri, güzəştli kreditlərin verilməsi prosedurları, müvəkkil kredit təşkilatlarının rolu və qarşılıqlı əməkdaşlıq çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə edilib.

Görüşdə prosesin şəffaf və effektiv şəkildə təşkili, eləcə də bank sektorunun bu təşəbbüsdə fəal iştirakının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli, 13 nömrəli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasının məqsədi enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqidir.