Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və “Azər-Türk Bank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Azər-Türk Bank” ASC- nin İdarə Heyətinin sədri Günel Nəbiyeva imzalayıblar.
Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsidir.
Samir Axundov Enerji effektivliyi fondunun fəaliyyətinə diqqət çəkərək, Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə bu istiqamətdə layihələrin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu bildirib. Bu məqsədilə artıq ölkənin 11 aparıcı bankı ilə əməkdaşlıq müqavilələrinin imzalandığını deyən Samir Axundov bu çərçivədə "Azər-Türk Bank"la əməkdaşlığın da uğurlu olacağına inamını ifadə edib.
Günel Nəbiyeva, öz növbəsində, “Azər-Türk Bank” ASC haqqında məlumat verərək, bank tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə maraq göstərildiyini diqqətə çatdırıb. Enerji effektivliyi ilə bağlı layihələrə Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini dəstəklədiklərini və bu sahədə əməkdaşlıqdan məmnunluğunu bildirib.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.