EMTA və Macarıstanın Enerji və Kommunal Tənzimləmə Qurumu (MEKH) Anlaşma Memorandumu imzalayıb
  • Publikasiya tarixi2021-11-15 20:23:00
  • KateqoriyasıPress-relizlər

Noyabrın 15-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) baş ofisində Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin iştirakı ilə Macarıstanın Enerji və Kommunal Tənzimləmə Qurumunun (MEKH) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov qonaqları salamlayıb və görüşün Macarıstan və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, eləcə də enerji tənzimləmə sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb.

Macarıstanın Enerji və Kommunal Tənzimləmə Qurumunun (MEKH) vitse prezidenti Pal Saqvari görüşün təşkili üçün EMTA-nın İdarə Heyətinə minnətdarlığını bildirib. O, təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, bu günə kimi görülən işlərdən danışıb.

Daha sonra Agentlik və Macarıstanın Enerji və Kommunal Tənzimləmə Qurumu (MEKH) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Samir Axundov və Pal Saqvari imzalayıblar.

İmzalanmış Memoranduma əsasən hər iki tənzimləyici qurum arasında enerji sahəsində, xüsusilə bərpaolunan enerji mənbələri, eləcə də enerji səmərəliliyi mövzusunda təcrübə mübadiləsinin aparılması, qarşılıqlı təcrübə və təlim proqramlarının keçirilməsi,birgə tədqiqat işlərinin reallaşdırılması, habelə konfrans və seminarlarda iştirak nəzərdə tutulur.

Qeyd edək ki, Anlaşma Memorandumu 2020-ci ilin fevral ayında Budapeştdə Azərbaycan və Macarıstan hökumətləri arasında enerji sahəsində iqtisadi əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının İşçi Qrupunun birinci iclasında əldə edilmiş razılaşmaya uyğun olaraq imzalanıb. Həmin görüşdə tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığı, o cümlədən enerji tənzimləmə sahəsində əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildiriblər.


EMTA

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) elektrik, qaz və istilik təchizatı ilə bağlı məsələləri tənzimləyir və nəzarət edir. Prezidentin 22 dekabr 2017 -ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılan Agentlik, Azərbaycanın Energetika Nazirliyi tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir.


MEKH

Macarıstanın Enerji və İctimai Kommunal Tənzimləmə Təşkilatı (MEKH) 1994-cü ildə Macarıstan Enerji İdarəsi kimi yaradılıb. MEKH Macarıstanda elektrik enerjisi, təbii qaz, mərkəzləşdirilmiş istilik və su kommunal şirkətlərinin fəaliyyətini tənzimləyir və onlara nəzarət edir. Qurum tullantıların idarə edilməsi, enerji statistikası və istehlakçıların hüquqlarının müdafiəsi üzrə qiymətlərin tənzimlənməsi ilə bağlı səlahiyyətlərə malikdir.