EMTA və “Ofgem” mütəxəssisləri elektrik mühərrikli avtomobillərin və bərpaolunan enerji mənbələrinin elektrik enerjisi sisteminə inteqrasiyası ilə bağlı məsləhətləşmələr keçirib
  • Publikasiya tarixi2022-01-28 11:38:00
  • KateqoriyasıPress-relizlər

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) və Böyük Britaniyanın tənzimləyici qurumu “Ofgem”in mütəxəssisləri arasında elektrik mühərrikli avtomobillərin və bərpaolunan enerji mənbələrinin elektrik enerjisi sisteminə inteqrasiyasına dair məsləhətləşmələr keçirilib.

“Elektrik mühərrikli avtomobillərin elektrik sisteminə inteqrasiyası” mövzusunda ilkin təqdimatla çıxış edən Strateji planlaşdırma və innovasiyalar şöbəsinin böyük mütəxəssisi Mehdi Abdullayev  Azərbaycanda hibrid və elektrik mühərrikli avtomobil bazarı haqqında ümumi məlumat verib. M. Abdullayev bu qəbildən olan nəqliyyat vasitələrinin idxalının stimullaşdırılması və onlardan istifadənin təşviqi ilə bağlı görülmüş işləri, xüsusilə “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. O, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələri, parklama yerləri və s. kimi infrastrukturun yaradılması yönündə atılacaq addımları da vurğulayıb.

“Ofgem”in Elektrik mühərrikli avtomobillər – Enerji sistemlərinə keçid üzrə meneceri Françeska Barrik Böyük Britaniyada elektrik mühərrikli avtomobil bazarı haqqında məlumat verərək bu sahədə stimullaşdırıcı tədbirlərin, eləcə də hökumət və istehlakçılarla sıx əlaqənin önəmini qeyd edib. F. Barrik elektrik mühərrikli avtomobillərin elektrik enerjisi sisteminə inteqrasiyasında “Ofgem” üçün prioritet istiqamətləri– şəbəkənin uyğunluğu, şəbəkə əlaqələrində maneələrin aradan qaldırılması, qoşulma xərclərinin azaldılması, istehlakçılar üçün əlçatanlılığın təmin edilməsi, ağıllı doldurma məntəqlərinin sürətli inkişafı, istehlakçı hüquqlarının qorunması- vurğulayaraq təşviqedici proqramlarla enerji sisteminə sürətli keçidin mümkünlüyündən danışıb.

Daha sonra Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin mütəxəssisi Elçin Mirzəyev “Bərpaolunan enerji mənbələrinin elektrik enerjisi sisteminə inteqrasiyası” mövzusunda təqdimatla çıxış edib. E. Mirzəyev Azərbaycanda bu sahədə qəbul edilən qanun və qanun layihələri, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi, eləcə də yaradılması nəzərdə tutulan Azərbaycanın bərpaolunan enerji potensialı atlası və mövcud tariflər barədə geniş məlumat verib.

Böyük Britaniyada bərpolunan enerji mənbələri üzrə həyata keçirilən siyasətin Azərbaycandakı mövcud mexanizmlə oxşarlıq təşkil etdiyini qeyd edən “Ofgem”in Beynəlxalq əlaqələr üzrə böyük mütəxəssisi Sam Rea Böyük Britaniyada bərpaolunan enerjiyə keçidin tarixçəsi haqqında məlumat verib. O, həmçinin bu sahədə həyata keçirilən əsas siyasət və islahatları, eləcə də stimullaşdırıcı tədbirləri diqqətə çatdırıb.

“Ofgem”in Sistem Operatoru tənzimləməsi şöbəsinin müdiri Qrendon Tompson Britaniyanın ötürücü sistemində elektrik enerjisi təchizatının təhlükəsizliyinin və keyfiyyətinin təminatında “balanslaşdırma xidmətləri”nin vacibliyini qeyd edib. Bununla yanaşı, Böyük Britaniyada bərpaolunan enerji mənbələri sistemində mövcud olan çətinlikləri və bu yöndə həll yollarını diqqətə çatdırıb.

Məsləhətləşmələr interaktiv sual-cavab sessiyası ilə davam edib.