Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Ziraat Bank Azərbaycan ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin sədri Selçuk Demir imzalayıblar.
Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov Enerji effektivliyi fondunun fəaliyyəti barədə danışaraq, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu bildirib. Ölkənin aparıcı bankları ilə əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdıran Samir Axundov əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Selçuk Demir Ziraat Bank Azərbaycan haqqında məlumat verərək, bankın tarixindən və fəaliyyətindən söz açıb. O, Türkiyədə bank sistemi, eləcə də dayanıqlıq sahəsində olan təcrübələrinin Azərbaycanda da tətbiq edildiyini bildirib. Enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsində birgə fəaliyyətə marağını ifadə edən Selçuk Demir qarşılıqlı əməkdaşlığın təcrübə mübadiləsi baxımından da əlverişli olacağını qeyd edib.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.