Energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində məqaləsi dərc olunub
  • Publikasiya tarixi2020-10-23 12:44:00
  • KateqoriyasıPress-relizlər

Oktyabrın 20-də Energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində məqaləsi dərc olunub. Məqalədə EMTA-nın gördüyü işlər barədə hissə də yer alıb. 

“İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmədə dayanıqlılığı və effektivliyi təmin edən tənzimləyicinin yaradılması da mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi üç il ərzində elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində dövlət, istehlakçılar və tənzimlənən subyektlər arasında maraqlar balansının, hər bir istehlakçıya münasibətdə müasir yanaşmanın təmin edilməsinə, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olub. Enerji təchizatında bir sıra proseslər sadələşdirilib, çeviklik təmin edilib, xidmətləri sahibkarlar üçün əlçatan edən addımlar atılıb.  Müvafiq sahənin tənzimlənməsinə və istehlakçıların mənafeyinin qorunmasına yönəlik “Elektrik qurğularının quraşdırılması”, “Elektrik və istilik qurğularının texniki istismarı”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası”, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması”, “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi” qaydaları hazırlanaraq  Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2020-ci ilin avqust ayından etibarən Agentlik istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətli sayılan, “Azəriqaz” İB-nin Metrologiya Departamentində qaz sayğaclarının dövlət yoxlanılması prosesinin monitorinqinə də başlayıb. 

Energetikada tənzimlənmənin perspektivdə liberal bazar münasibətlərinə uyğunlaşdırılması prosesi kontekstində isə istehlakda səmərəliliyin artırılması mexanizmləri, “Tarif Metodologiyası” hazırlanıb. Xərcləri əks etdirən (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan) tariflərin tətbiqi, bəzi sənaye sahələri üçün güzəştlərin optimallaşdırılması, qiymətlərin günün vaxtına görə differensiasiyası, aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin müəyyənləşdirilməsi, reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması, elektrik enerjisinin topdansatış bazarının yaradılması, özəlləşdirmə, elektrik enerjisi istehsalı sahəsinə dövlət-özəl tərəfdaşlığı razılaşmaları əsasında yeni investisiyaların təşviqi üçün araşdırmalar aparılıb və təkliflər verilib. Agentlik tərəfindən, həmçinin tənzimlənən sahədə investisiya layihələri və elektrik enerjisi bazarının fəaliyyətinin monitorinqi qaydalarının layihələri kimi normativ sənədlər hazırlanır.  Bu sırada digər vacib bir sənəd “Müstəqil enerji istehsalçılarının ötürücü və paylayıcı elektrik şəbəkələrinə çıxışının monitorinqi Qaydaları"nın layihəsidir.

Hazırda baxılmaqda olan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu isə imkan verəcək ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin.

Məqaləni tam oxumaq üçün linklər:

 https://minenergy.gov.az/az/xeberler-arxivi/isgaldan-azad-olunan-erazilerimizde-tezlikle-isiqli-gunler-baslayacaq

 http://www.azerbaijan-news.az/view-201620/isgaldan-azad-olunan-erazilerimizde-tezlikle-isiqli-gunler-baslayacaq