Energetika Nazirliyi, EMTA və AzTU-nun tələbələri ilə onlayn görüş keçirilib
  • Publikasiya tarixi2021-01-25 15:31:00
  • KateqoriyasıPress-relizlər

Energetika ixtisası üzrə təhsil alan tələbələr üçün məlumatlılığın artırılması prosesinə dəstək vermək məqsədilə keçirilən silsilə görüşlərin davamı olaraq Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika, elektrotexnika və avtomatika fakültəsinin tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri, karyera mərkəzinin nümayəndələri və universitetin müəllim heyəti də iştirak edib.

Tədbirdə iştirak edən Energetika Nazirliyi və EMTA-nın ictimaiyyətlə əlaqələr sektorlarının rəhbərləri Cahid Mikayılov və Günel Əhmədova, Nazirlik və EMTA  haqqında tələbələrə ətraflı məlumat verərək qurumların fəaliyyət istiqamətlərindən, Azərbaycanda energetika və enerji tənzimləmə sahəsinin inkişafı üzrə görülən işlər barədə söz açıblar.

Görüşdə həmçinin Energetika Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Xəyalə Qurbanova çıxış edərək tələbələrə gələcək işlərinə dair daha aydın təsəvvürün formalaşdırılmasında vacib amillərə toxunub, karyera planlaşdırılması və iş axtarma yolları barədə ətraflı məlumat verib.

Tələbələrin maarifləndirilməsi istiqamətində daimi dəstəyin zəruri olduğunu bildirən məruzəçilər tərəfindən Energetika Nazirliyinin və EMTA-nın internet resurslarında tələbələr üçün faydalı olan müxtəlif formatlı elektron məlumatlardan, o cümlədən illik hesabatlardan, onların müvafiq sahədə bilik və məlumatlılıq səviyyələrinin artıracaq bölmələrdən, qurumların mütəmadi olaraq yenilənən xəbərlərlə zəngin sosial media səhfələrindən istifadəyə diqqət çəkilib, tələbələrin sualları cavablandırılıb.