Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib
  • Publikasiya tarixi2022-11-17 17:30:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, EBRD-nin Türkiyə və Qafqazda enerji məsələləri üzrə regional rəhbəri David Manaqadze, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı Samir Axundov EBRD-nin həyata keçirdiyi “Azərbaycan Respublikasında yeni yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin ikinci mərhələsi üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, bildirib ki, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinin son versiyası üzərində işlər tamamlanaraq aidiyyəti quruma təqdim edilib, Qanun layihəsindən irəli gələn istiqamətlər üzrə ikinci dərəcəli normativ hüquqi sənəd layihələri, eyni zamanda müvafiq daxili qaydalar hazırlanıb.

İdarə Heyətinin sədri, həmçinin vurğulayıb ki, qeyd olunan layihə çərçivəsində müəyyən edilmiş aktual mövzular üzrə AERA-nın əməkdaşlarının kadr potensialının artırılması məqsədilə beynəlxalq ekspertlərlə onlayn görüşlər təşkil edilib.

Görüş layihə üzrə atılacaq növbəti addımların müzakirəsi ilə başa çatıb.