Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı fəaliyyətə başlayıb
  • Publikasiya tarixi2020-07-17 16:41:00
  • KateqoriyasıPress-relizlər

İyunun 1-dən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir şəhərində yeni filialı fəaliyyətə başlayıb. Agentliyin Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 48 ünvanında yerləşən yeni filialında 10 nəfər çalışır.

Yeni yaradılan filiala Mingəçevir şəhərində, Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlarında yaşayan vətəndaşlar və qeyri-əhali istehlakçı qrupları (sahibkarlar)  elektrik və istilik enerjisi, habelə qaz təchizatı ilə bağlı müraciət edə bilərlər. Bura  elektrik və qaz təchizatı şəbəkəsinə qoşulması üçün verilmiş texniki şərtlər əsasında hazırlanmış layihələrin əvvəlcədən razılaşdırılması, elektrik qurğularına istismara buraxılış aktının verilməsi və tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına  icazənin verilməsi, elektrik və istilik təsərrüfatı subyektlərində çalışan işçi heyətin, təsərrüfata cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi, texniki istismar, texniki təhlükəsizlik qaydaları üzrə biliyinin yoxlanılması kimi məsələlər daxildir.

Filialda, həmçinin, əhali və qeyri-əhali istehlakçı qruplarından daxil olan istehlakçı hüquqlarının pozulması ilə bağlı müraciətlər araşdırılır və müvafiq tədbirlər görülür.

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 və 190 nömrəli qərarlarına uyğun olaraq, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialında  vətəndaşların qəbulu və müraciətlərinə baxılması  olaraq onlayn rejimdə - videokonfrans və telekonfrans formatında, həmçinin email vasitəsilə həyata keçirilir. 

Zərurət yarandıqda, vətəndaşlardan daxil olan müraciətlərin bilavasitə operativ həlli məqsədilə filialın əməkdaşları tərəfindən yerlərdə araşdırmalar aparılır.  

Vətəndaşlar Mingəçevir şəhərində yerləşən filiala aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Telefon: (+994 2427) 6-37-01/6-12-13

Email: mingachevir@regulator.gov.az