Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
3 aprel 2019-cu ildə Bakıda Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilib. Azərbaycan Respublikası Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupunun ikinci görüşü çərçivəsində enerji sektorunda tənzimləmə haqqında təlimlərdən ibarət sessiyalar təşkil edilib.
Diskussiya şəraitində keçən təlimlər “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz və istilik) inkişafına dair Strateji Yol Xəritəsi”nin mərhələlər üzrə həyata keçirilməsi, Avropa İttifaqı ölkələrində tənzimləyicilərin fəaliyyəti və bu sahədəki qanunvericiliklə bağlı təcrübəyə dair fikir mübadiləsi aparılıb.
İclasda energetika sahəsində tənzimləyicinin gündəlik işinə dair nümunələr və təqdimatlar göstərilib. Almaniya və Ukraynadan olan ekspertlər energetika sahəsindəki tənzimləyicilərin ölkələrindəki fəaliyyətləri zamanı əldə olunmuş təcrübələri barədə geniş məruzələrlə çıxış ediblər. İnteraktiv müzakirələrdən sonra iştirakçılara əldə etdikləri praktik biliklər və onların Azərbaycanda tətbiqi perspektivləri barədə anket formaları təqdim edilib. Aprel ayının 30-da keçirilməsi nəzərdə tutulan növbəti görüşün gündəliyi haqqında qısa məlumat verilib.
Xatırladaq ki, Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupu “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış enerji üzrə tənzimləyici orqanın fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların hazırlanması və tətbiqi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində işlərin həyata keçirilməsi məqsədilə yaradılıb. DNV GL şirkətinin icraçısı olduğu layihə “Energetika və kommunal xidmətlər sahəsində Tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanununun işlənib hazırlanmasını nəzərdə tutur.