EPİAŞ elektrik və təbii qaz bazarına dair Türkiyə təcrübəsini azərbaycanlı mütəxəssislərlə bölüşüb
  • Publikasiya tarixi2022-12-19 12:10:00
  • KateqoriyasıPress-relizlər

Azərbaycan-Türkiyə II Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) təşkilatçılığı ilə Türkiyənin elektrik və təbii qaz bazarının operatoru olan Enerji Bazarlarının İdarəedilməsi Səhmdar Cəmiyyətində (EPİAŞ) iki günlük seminar təşkil olunub.

Seminar “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı üzrə “Topdansatış bazarının təşkilinə hazırlıq məqsədilə iqtisadi səmərəlilik meyarı əsasında elektrik enerjisi istehsal güclərinin seçiminin ötürücü tərəfindən aparılması” tədbirinin icrası yönündə həyata keçirilib.

Seminarda Azərbaycan Respublikasının Energetika və İqtisadiyyat nazirliklərinin  və “Azərenerji” ASC-nin nümayəndələrinin təmsilçiliyi ilə yaradılmış İşçi qrupun üzvləri iştirak edib.

Sözügedən seminar çərçivəsində türkiyəli mütəxəssislər elektrik enerjisi və təbii qaz bazarlarının şəffaf və rəqabətli şəraitində fəaliyyəti, bazar iştirakçıları arasında qarşılıqlı münasibətlər, bazarın tənzimlənməsi  və monitorinqi ilə bağlı ətraflı məlumat veriblər. Eyni zamanda, EPİAŞ-ın baş icraçı direktoru Ahmet Türkoğlu Azərbaycanda enerji bazarının yaradılması üçün hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

Azərbaycan-Türkiyə II Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun həmsədri, AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov isə liberal bazar münasibətlərinin qurulması, şəffaflığın təmin edilməsi və cəlbedici investisiya mühitinin formalaşmasında Türkiyənin bir örnək olduğunu qeyd edib. O, həmçinin elektrik enerjisi və təbii qaz bazarlarının liberallaşdırılması və rəqabət mühitinin formalaşdırılması sahəsində Azərbaycana göstərdikləri dəstəyə görə qarşı tərəfə minnətdarlığını çatdırıb.

Seminar azərbaycanlı mütəxəssisləri maraqlandıran sualların cavablandırılması ilə interaktiv formada davam edib.