Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Energetika Nazirliyi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanıb. Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” haqqında təqdimatla çıxış edib. Korrupsiya anlayışı, bu sahədə qanunvericilik, hüquqpozmaların növləri və subyektləri, korrupsiyaya şərait yaradan hallar, müvafiq halların qarşısının alınması, vəzifəli şəxs anlayışı və digər mövzulara dair ətraflı məlumat verilib. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət, bu hüquqpozmalar barədə məlumat verən şəxslər və onların müdafiəsi üzrə aparılan tədbirlər barədə danışılıb. Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi və digər hallara dair məlumatlar diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzuya dair nümunələr ətrafında interaktiv fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb