MTK-larda qaz sayğacları ödənişsiz quraşdırılacaq
  • Publikasiya tarixi2021-07-05 11:27:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və aidiyyəti qurumlar tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində uzun müddət vətəndaşların narazılıqlarına səbəb olan çoxmənzilli yaşayış binalarındakı (MTK) mənzillərdə qaz sayğaclarının quraşdırılması mənzil sahiblərinin vəsaiti hesabına deyil, “Azəriqaz” İstehsalat Birliyinin hesabına həyata keçiriləcək.

Bu məsələ ilə bağlı vətəndaşlardan EMTA-ya müvafiq dövr ərzində çoxsaylı müraciətlər daxil olub və onların araşdırılması aparılıb.   

Azərbaycan Republikasının “Qaz təchizatı haqqında”,  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarının və “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq, EMTA və aidiyyəti qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib və çoxmənzilli yaşayış binalarının mənzillərinin qaz sayğacları ilə təmin olunmasının hüquqi, texniki və təşkilati aspektləri müzakirə olunub.

EMTA vətəndaşların diqqətinə çatdırır ki, çoxmənzilli yaşayış binalarındakı mənzillərdə qaz sayğaclarının quraşdırılması ilə bağlı əsassız olaraq pul tələb edilməsi halları ilə üzləşdikdə, vətəndaşlar Energetika Nazirliyinin 974 “Çağrı mərkəzi” və “Qaynar xətti”, eləcə də (012) 598-16-53/54/55 telefon nömrəsi və ya office@regulator.gov.az elektron poçt ünvanı vasitəsilə Agentliyə müraciət edə bilərlər.