Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
3 sentyabr 2019-cu il tarixindən Sabirabad və İmişli “ASAN Xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb. Bununla əlaqədar keçirilən tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), “Asan Xidmət” və "Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər. EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev bildirib ki, Texniki Şuranın yaradılmasında məqsəd bölgədə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma proseslərinin daha da sadələşdirilməsidir.
Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına uyğun olaraq “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərində mövcud Texniki Şuraların tərkibində dəyişikliklər edilməsi və yeni Texniki Şuraların formalaşdırılması haqqında Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun 22 iyul 2019 tarixli Əmri ilə təsdiq olunmuşdur.
Həmçinin, bu tədbirlər Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Sahibkarların öz fəaliyyətlərini daha səmərəli təşkili istiqamətində elektrik şəbəkələrinə daha asan qoşulması beynəlxalq indekslərin metodologiyalarında öz əksini tapmaqla yanaşı, nüfuzlu “Doing Business” beynəlxalq hesabatında “Elektrikə əlçatanlılıq (asan qoşulma)” indikatoru üzrə Azərbaycanın mövqeyi ötən dövrlə müqayisədə yaxşılaşıb.
Qeyd edək ki, indiyə qədər sahibkarların elektrik şəbəkəsinə qoşulması 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt “ASAN Xidmət”, Gəncə “ASAN Xidmət” mərkəzlərində həyata keçirilirdi.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Elektrik və qaz təchizatı, həmçinin, istilik enerjisi sahələri Agentliyin əsas fəaliyyət dairəsinə aid edilmiş məsələlər olaraq müəyyənləşdirilib. EMTA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.