Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış iki mərhələli fəaliyyət planına uyğun olaraq növbəti onlayn görüş keçirilib. Görüşdə EPDK-nın nümayəndələri Türkiyədə elektrik enerjisi istehsalında və külək və günəş enerjisi üzrə güclərin paylanması hərraclarında lisenziyalaşdırılmış model, eləcə də elektrik enerjisinin lisenziyalaşdırılmayan istehsalı və bərpa olunan enerji mənbələrinə dəstək mexanizmi ilə bağlı təcrübəni AERA-nın mütəxəssisləri ilə bölüşüblər.
Görüşü giriş nitqi ilə açan EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü və AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin böyük mütəxəssisi Elmar Güləliyev bu kimi görüşlərin davamlı olaraq həyata keçirilməsinin önəmini vurğulayaraq qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Daha sonra EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Gökay Kütükcü Türkiyədə elektrik enerjisi istehsalında və külək və günəş enerjisi üzrə güclərin paylanması hərraclarında lisenziyalaşdırılmış model mövzusunda təqdimatla çıxış edib. G.Kütükçü, həmçinin ön lisenziyaların verilməsi proseduru və tələb olunan sənədlərlə bağlı məlumat verib.
Elektrik enerjisinin lisenziyalaşdırılmayan istehsalı və bərpa olunan enerji mənbələrinə dəstək mexanizminə dair təqdimatla çıxış edərək Türkiyə təcrübəsini bölüşən EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Sevim Kalkan isə sözügedən məsələlərə dair mövcud qanunvericilikdə yer alan məlumatları da iştirakçıların diqqətinə çatdırıb.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.