Türkiyənin enerji tənzimləyicisi elektrik enerjisinin ötürülməsi tariflərinin tənzimlənməsinə dair təcrübəsini AERA ilə bölüşüb
  • Publikasiya tarixi2022-06-06 20:00:00
  • KateqoriyasıPress-relizlər

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış iki mərhələli fəaliyyət planının birinci mərhələsinin sonuncu onlayn görüşü keçirilib. Görüşdə EPDK-nın nümayəndələri elektrik enerjisinin ötürülməsi tariflərinin tənzimlənməsinə dair Türkiyə təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüblər.

Görüşü giriş nitqi ilə açan AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin, təcrübə mübadilələrinin faydalı olduğunu vurğulayaraq növbəti mərhələ barədə iştirakçıları məlumatlandırıblar.

Daha sonra EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Nezih Enes Evren elektrik enerjisinin ötürülməsi tariflərinə dair Türkiyədəki mövcud qanunvericilikdən danışaraq elektrik enerjisi bazarında tarif tənzimləməsi və şəbəkə tariflərinin müəyyənləşdirilməsində diqqət yetirilməli məqamlar barədə geniş məlumat verib. N.E.Evren, həmçinin elektrik enerjisinin ötürülməsi tarifləri və bu tariflərin formalaşmasında mühüm rol oynayan komponentlər haqqında, eləcə də ötürmə tariflərinin tənzimlənməsi prinsiplərinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.

İnteraktiv sual-cavab sessiyası ilə davam edən görüşdə sözügedən sahə ilə bağlı əlavə məlumatlar da iştirakçılarla bölüşülüb.