Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan ağacəkmə aksiyasına EMTA da qoşulub
  • Publikasiya tarixi2025-05-12 10:10:00
  • KateqoriyasıPress-relizlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) rəhbərliyi və əməkdaşları da iştirak ediblər.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP sədrinin müavini Tahir Budaqov, həmçinin sözügedən qurumların kollektivi və ekokönüllülər iştirak ediblər.

Müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək, onun ətraf mühitə göstərdiyi xüsusi qayğını bir daha vurğulamaqla yanaşı, yaşıllıqların artırılmasına töhfə verməkdir.