Texniki Şuraların məqsədi
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanına əsasən, yaradılmış Texniki Şuranın məqsədi sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin və layihə sənədlərinin verilməsinə, həmçinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etməkdir.
Texniki Şuranın əsas funksiya və səlahiyyətləri
- Texniki Şura elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunla nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin edir;
- Texniki Şura müraciəti qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində üzv qurumlarla birlikdə tikinti obyektinə ən yaxın məsafədə yerləşən enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir;
- Texniki Şura tikinti obyektinə elektrik enerjisi (gücü) verilməsi üçün seçilən trassa (yol) üzrə rəyi tələb olunan qurumlara həmin gün müraciət edir. Texniki Şura tərəfindən edilmiş müraciətə və təqdim olunmuş sənədlərə həmin qurumlar 3 (üç) gündən gec olmayaraq münasibət bildirməlidir. Həmin müddət ərzində münasibət bildirilmədikdə məsələ razılaşdırılmış hesab edilir;
- Texniki Şura qurumların razılığını aldığı gün texniki şərtlər və layihə sənədlərinin hazırlanması üçün Enerji Təchizatı Müəssisəsinə (ETM) müvafiq sənədlərlə müraciət edir. ETM 6 (altı) gün müddətində sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtləri və layihə sənədlərini hazırlayır.
Texniki Şuraların fəaliyyət dairəsi
2017-2022-ci illərdə Energetika Nazirliyinin əmrləri ilə yaradılmış Texniki Şuraların sayı 21-ə çatdırılıb.
Texniki Şuraların fəaliyyət göstərdiyi xidmət mərkəzləri:
ASAN xidmət mərkəzləri
|
Sumqayıt, Gəncə, Sabirabad, İmişli, Masallı, Quba, Qəbələ, Bərdə, Mingəçevir, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən
|
ASAN Kommunal
|
1 saylı Bakı "ASAN Kommunal" mərkəzi, 2 saylı Bakı "ASAN Kommunal" mərkəzi, 3 saylı Bakı "ASAN Kommunal" mərkəzi
|
KOB evi
|
Bakı, Xaçmaz, Yevlax
|