Tənzimləmə məsələləri
Agentliyin tənzimlədiyi məsələlər, tənzimləmə sahsində məqsəd və fəaliyyət istiqamətləri, eləcə də tənzimlənən sahədə əsas təbii inhisarçıların siyahısı barədə məlumatları buradan əldə edə bilərsiniz
Tənzimləmə məsələləri
  • KateqoriyaFəaliyyət istiqamətləri

Enerji məsələlərinin tənzimlənməsi 

Enerji məsələlərinin tənzimlənməsi dedikdə, Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, satıcılar (təchizatçılar) və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi başa düşülür.


Agentliyin tənzimlədiyi məsələlər

Agentlik Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, satıcılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir.


Agentliyin tənzimləmə sahəsində məqsədi 

Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, həmçinin sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.


Agentliyin tənzimləmə sahəsində əsas fəaliyyət istiqamətləri

  • Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak edir;
  • qüvvədə olan qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə müvafiq sahədə əməl edilməsinə nəzarəti həyata keçirir;
  • müvafiq sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarəti həyata keçirir;
  • müvafiq sahədə investisiya mühitinin əlverişliliyinin artırılması, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin sahələrə investisiya cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını təmin edir;
  • müvafiq sahədə istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar və istehlakçılar arasında mübahisələrə baxır;
  • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparır;
  • müvafiq sahədə qiymət (tarif) siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verir;
  • müvafiq sahədə sağlam rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması üçün tədbirlər görür.

Tənzimlənən sahə: Əsas təbii inhisarçılar


Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində təbii inhisarçılıq mövcuddur.

“Azərenerji” ASC

Azərbaycanda tabeliyindəki qurumlar vasitəsilə elektrik enerjisinin istehsalını, habelə ötürülməsini həyata keçirir.

"Azərişıq" ASC

Azərbaycanda  elektrik enerjisinin paylanması və satışını (təchizatı)  həyata keçirir.

“Qaz İxrac” İdarəsi

Azərbaycanda qazın nəql edilməsini, "Əməliyyat Şirkətləri", "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan qazın qəbulunu, SOCAR-a məxsus qaz həcmlərinin xarici bazarlarda satışını həyata keçirir.

"Azəriqaz" İB

Azərbaycanda qazın paylanmasını, əhali və qeyri-əhali istehlakçılarına satışını (təchizatı) həyata keçirir.

"Azəristiliktəchizat" ASC

Azərbaycan Respublikasında istilik enerjsinin istehsalını, ötürülüməsini, paylanmasını və satışını (təchizatı) həyata keçirir.