Elektrik, qaz və istilik təchizatının dayandırılmasının şərtləri
İstehlakçının elektrik, qaz və istilik təchizatı hansı hallarda dayandırıla bilər? Ətraflı cavabı buradan əldə edə bilərsiniz
Elektrik, qaz və istilik təchizatının dayandırılmasının şərtləri
  • Kateqoriyaİstehlakçılar


Elektrik enerjisinin verilməsi hansı hallarda dayandırıla bilər? 

Enerji təchizatı müəssisəsi tərəfindən  istehlakçıya verilən elektrik enerjisinin dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndində göstərilmiş aşağıdakı altbəndlər ilə müəyyən edilir:

  • İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • Elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən göndərildikdən sonra 1 ay müddətində tam məbləğdə ödənilmədikdə; 
  • Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
  • Enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
  • Məhkəmənin qərarı ilə;
  • Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

Qazın verilməsi hansı hallarda dayandırıla bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.07.2026-cı il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na əsasən istehlakçılara qazın verilməsi aşağıdakı hallarda dayandırıla bilər:

  • istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü ilə;
  • qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
  • təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə;
  • istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədikdə;
  • məhkəmənin qərarı ilə;
  • qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;
  • qazpaylayıcı sistem operatorunun işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün Qanunun 18-ci və 19-cu maddələrinin tələblərini yerinə yetirmədikdə;
  • təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən orqanın (qurumun) göstərişi əsasında;
  • istehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə.

İstilik və isti su təchizatı xidmətləri hansı hallarda dayandırıla bilər?

Enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya verilən istilik və isti su təchizatı xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən aşağıdakı hallarda dayandırılır:

  • istehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
  • Müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
  • Müəssisə ilə müvafiq müqavilə bağlanmadıqda;
  • istehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
  • təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
  • məhkəmənin qərarı ilə;
  • dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların göstərişi əsasında.