İstilik enerjisi təchizatı sistemi
Azərbaycan Respublikasında istilik enerjisi təchizatı sistemi haqqında məlumatı buradan əldə edə bilərsiniz
İstilik enerjisi təchizatı sistemi
  • Kateqoriyaİstilik enerjisi

İstilik təchizatı sistemi istehsal - paylama, satış və istehlak proseslərini əhatə edən mürəkkəb bir texnoloji prosesdir. 

İstilik təchizatı sistemi mərkəzləşdirilmiş avtonom olur.

Mərkəzləşdirilmiş istilik təchizatı qazanxanalarda yanacağın yandırılmasından alınan istilik hesabına istilik daşıyıcısı (su) qızdırılmaqla, istilik şəbəkəsi vasitəsilə bir və ya bir neçə yaşayış, ictimai, sənaye və digər binaların qızdırıcı cihazlarına nəql edilir. Ölkədə mərkəzləşdirilmiş istilik mənbəyi kimi İstilik Elektrik Mərkəzi (İEM), Rayon İstilik Qazanxanası (RİQ) və ya məhəlli tipli qazanxanalardan istifadə olunur.

Avtonom istilik təchizatı sistemləri fərdi yaşayış və ya qeyri-yaşayış sahələrinin avtonom istilik sobasında (kombi, qaz və ya odun sobası və s.) yanacağın yanmasından alınan istilik enerjisi hesabına istilik ilə təmin olunması məqsədi daşıyır.

Azərbaycanda mərkəzləşdirilmiş istilik sisteminin əsası XIX əsrin əvvəllərində Bakı şəhərində elektrik və istilik enerjisinin birgə istehsalı imkanına malik olan Bakı İEM bazasında yaradılıb. Əvvəlcə yalnız yaxınlıqda yerləşən neft emalı zavodlarının sənaye məqsədli buxarla təmin edilməsi nəzərdə tutulsa da, sonradan istilik mühəndis kommunikasiyaları şəbəkələrinin genişləndirilməsi hesabına digər tələbatçılar da istilik enerjisi ilə təmin edilməyə başlanılıb. Həmin dövrdə ən effektiv isitmə sistemi bir və ya iki binaya xidmət göstərə bilən və əsasən mazutla işləməsi nəzərdə tutulan lokal tipli məhəllədaxili istilik qazanxanaları olub.

Mərkəzləşdirilmiş istilik təchizatının məhz bu forması Bakının gələcək istilik təchizat sisteminin əsasını qoyub.

Ötən əsrin 60-cı illərindən başlayaraq Bakı şəhərində və respublikanın digər sənaye şəhərlərində yeni yaşayış massivlərinin salınması ilə əlaqədar olaraq, yeni isitmə sistemi – yüksək dərəcədə mərkəzləşdirilmiş və o dövr üçün müasir tipli qazan aqreqatlarından ibarət olan Rayon İstilik Qazanxanaları (RİQ) sistemi tətbiq olunmağa başlanılıb.

Respublikanın iri şəhərlərində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və s.) yerli şəraitdən və yanacaq enerji kompleksinin mövcud vəziyyətindən asılı olaraq müxtəlif isitmə variantlarından (İEM, məhəlli tipli qazanxanalar sistemi, fərdi və s.) istifadə olunub.

Kiçik şəhər və rayonlarda isə fərdi yaşayış fondunun üstünlük təşkil etməsi ilə əlaqədar müxtəlif yanacaq növlərindən (qaz, odun, kerosin və s.) istifadə etməklə fərdi isitmə variantları geniş yayılmışdır. Mərkəzləşdirilmiş istilik təchizatı isə yalnız bir neçə çoxmərtəbəli yaşayış binaları və təhsil, səhiyyə və digər inzibati binalarını əhatə edir.

Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 nömrəli Sərəncamı ilə “Azəristiliktəchizat” ASC yaradılıb.

İstilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 24 iyun 2025-ci il tarixli, 222-VIIQ nömrəli Qanunu qüvvəyə minmişdir. Bu Qanun istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir.

Sözügedən Qanunun icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli, 128 nömrəli Qərarı ilə “İstilik enerjisindən istifadə Qaydaları” təsdiq edilmişdir.

“İstilik enerjisindən istifadə Qaydaları”aşağıdakı sahələri tənzimləyir:

  • İstilik təchizatı subyektləri ilə istehlakçılar arasında yaranan qarşılıqlı münasibətlər;
  • Tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması qaydaları;
  • Əlavə enerji (güc) almaq üçün texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi prosesi.