Elektroenergetika sisteminin inkişaf tarixi
Azərbaycan Respublikasında elektroenergetika sisteminin inkişaf tarixinə dair məlumatı buradan əldə edə bilərsiniz
Elektroenergetika sisteminin inkişaf tarixi
  • KateqoriyaElektrik enerjisi

Azərbaycan Respublikasında elektroenergetika sisteminin inkişaf tarixi

Azərbaycan Respublikasının elektroenergetika sisteminin tarixi 1883-cü ildə Bakıda Nobel qardaşları tərəfindən hər birinin gücü 75 at gücündə 3 buxar turbinindən ibarət 220 Volt gərginlikli generasiya güclərinin quraşdırılması ilə başlanıb.

1901-ci ildə 2000 at gücü olan “Bibiheybət” elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər) 2000 at gücündə olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakıda 109,8 min kVt. saat elektrik enerjisi istehsal edilirdi və onun da 95 %-i neft sənayesi, 5 %-i isə ölkənin işıqla təminatı üçün istifadə edilirdi.

20-ci əsrin 40-cı illərində dərin neft quyularının qazılması və istismarının planlaşdırılması elektrik enerjisinə olan tələbatın artması ilə nəticələnib.

Kür çayı üzərində tikintisi nəzərdə tutulan elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir SES 1954-cü ildə istismara verilib. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxılıb.

Ulu Öndərin təşəbbüsü ilə 1981-ci il oktyabrın  20-də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan DRES-in (indiki “Azərbaycan” İES-in) birinci blokunun istismara verilməsilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin və bugünkü müstəqil Azərbaycanın elektrik enerjisi təhlükəsizliyinin əsası qoyuldu.


Müstəqilliyimiz bərpa olunandan sonra ölkənin enerji potensialından səmərəli istifadə edilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, istismar səviyyəsinin yüksəldilməsi və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Avropa İttifaqının 1996/92/EC saylı I Direktivinin tələblərini özündə ehtiva edən bir sıra mühüm normativ-hüquqi sənədlər və qərarlar qəbul olundu. Aparılan ardıcıl islahatlar baxımından çox mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 sentyabr tarixli 423 saylı Fərmanı ilə “Azərenerji” Dövlət Şirkətinin bazasında “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin yaradılması ilə yanaşı, bir sıra digər qanun və qərarların adlarını da çəkmək olar:

  • “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 24.12.1998, № 541-IQ;
  • “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 03.04.1998, № 459-IQ;
  • “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Xarici investisiyaların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Yanacaq-enerji kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;
  • “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;
  • “Əhalinin və iqtisadiyyatın enejidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
  • “Elektrik enerjisindən istifadə Qaydaları” 02.02.2005, №18 və s.

 

Bu hüquqi çərçivə elektroenergetika sahəsində müəyyən islahatların həyata keçirilməsinə imkan yaradıb.

İlkin olaraq, 2000-ci ildə mərkəzləşdirilmiş istilik təchizatı müəssisələri müstəqil hüquqi şəxs kimi “Azərenerji” ASC-nin tabeçiliyindən çıxarılıb. 

 

 


Mərkəzləşdirilmiş istilik təchizatının elektroenergetika sistemindən ayrılması

2001-ci ildə elektroenergetika sahəsi üzrə ixtisaslaşmış xidmət müəssisələri kiçik su elektrik stansiyaları “Azərenerji” ASC-nin tabeçiliyindən çıxarılıb və özəlləşdirməyə açıq elan edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyinə verilib.

Həmçinin həmin ildə “Azərenerji” ASC-nin tərkibində istehsal və ötürmə fəaliyyətlərinin bir-birindən hüquqi ayrılması ilə ayrıca iki hüquqi şəxs olan Elektrik Enerjisinin İstehsalı BirliyiElektrik Enerjisinin Ötürülməsi Birliyi yaradılıb.   

 


2001-2002-ci illərdə rayon və şəhər paylayıcı elektrik şəbəkələri “Azərenerji” ASC-nin tərkibindən çıxarılıb və uzunmüddətli idarəetməyə açıq elan edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyinə verilib.

 

Paylayıcı elektrik şəbəkələrinin elektroenergetika sistemindən ayrılması

Rayon və şəhər paylayıcı elektrik şəbəkələri regionlar üzrə 4 səhmdar cəmiyyətin tərkibinə daxil edilərək müsabiqə yolu ilə idarəetməyə açıq elan edilib keçirilmiş müsabiqə nəticəsində “Bakıelektrikşəbəkə” SC“Sumqayıtelektrikşəbəkə” SC Türkiyənin “Barmek Holdinq A.Ş.” yə, “Əli-Bayramlıelektrikşəbəkə” SC“Gəncəelektrikşəbəkə” SC isə “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” SC-yə 25 il müddətinə idarəetməyə verilib.

Rayon və şəhər paylayıcı elektrik şəbəkələrindən “Azərenerji” ASC-nin tabeçiliyində yalnız Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən təşkilatlar qalıb ki, sonradan onların əsasında Naxçıvan MR Nazirlər Kabinetinin tabeçiliyində ayrıca hüquqi şəxs olan Naxçıvan MR EA yaradılıb.

Beləliklə, elektrik enerjisinin istehsalı, ötürülməsi, dispetçer idarəetmə sistemləri paylanması (satışı ilə birgə) hüquqi və funksional baxımdan biri-birindən ayrılmaqla həmin dövr üçün Avropa İttifaqı qanunvericiliyinin tələblərinə uyğun bazar münasibətlərinin formalaşdırılmasına başlanıb. O cümlədən, fəaliyyət sahələri arasında müqavilə münasibətləri qurulmaqla topdansatış bazarının fəaliyyəti təmin edilib.

Bu tədbirlər sayəsində ödəmələrdə yaranmış problemlər qismən aradan qaldırılsa da, öhdəliklərin lazımi səviyyəyədə icra edilməməsi səbəbindən idarəetmə müqavilələri ləğv edilib, rayon və şəhər paylayıcı elektrik şəbəkələri idarəetmədən əvvəlki tabeçiliyə müvafiq olaraq “Azərenerji” ASC-nin tərkibinə qaytarılıb və “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa olunub.

2015-ci ildə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb “Azərenerji” ASC-nin tabeçiliyində olan rayon və şəhər paylayıcı elektrik şəbəkləri də onun tabeçiliyinə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında sərəncamlar elektroenergetika sektorunda yeni inkişaf tarixinin başlanğıcı oldu.


2015-2023-cü illər üzrə elektrik enerjisinin istehsalı (milyard kVt. saat)


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib.

Sözügedən yol xəritəsi ilə enerji sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün elektrik enerjisinin istehsalından pərakəndə satışa qədər dəyər zəncirinin bütün həlqələrinin (istehsal, nəqletmə, paylanma və satış) idarəçilik nöqteyi-nəzərindən bir-birindən ayrılması prioritet məsələ kimi müəyyənləşdirilib və kompleks tədbirlər planı təsdiq edilib. Eyni zamanda hər il bu tədbirlərin icra vəziyyətinin monitorinqi keçirilib.

Bu tədbirlər çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb və rəqabət mühitli liberal elektrik enerjisi bazarına mərhələli keçidin təmin edilməsi üçün hüquqi bazanın inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir.