Təbii qaz təchizatı sistemi
Azərbaycan Respublikasında təbii qaz təchizatı sisteminin fəaliyyət istiqamətləri və daxili topdansatış bazarının quruluşu ilə buradan tanış ola bilərsiniz
Təbii qaz təchizatı sistemi
  • KateqoriyaTəbii qaz

Azərbaycan Respublikasının təbii qaz sisteminin fəaliyyət istiqamətləri

Təbii qazın hasilatı, istehsalı və emalı – bu istiqamətdə fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), əməliyyat şirkətləri və müştərək müəssisələr həyata keçirir.

Təbii qazın nəqli – ölkə daxilində hasil olunan, ölkəyə idxal olunan təbii qaz həcmlərinin qaz sisteminə qəbulu, habelə qaz paylayıcısı və iri istehlakçılara nəqli, həmçinin, ixrac üçün nəzərdə tutulan qaz həcmlərinin dövlətlərarası ölçü qovşaqlarına çatdırılması istiqamətində fəaliyyəti SOCAR-ın “Qaz İxrac” İdarəsi həyata keçirir.

Qazın alqısı, saxlanması, nəqli və topdansatışı – ölkə daxilində təbii qazın hasilatçılardan alınması, onun nəqli, saxlanması, paylayıcı və iri təbii qaz istehlakçılarına topdan satışı istiqamətində fəaliyyət SOCAR-ın “Qaz İxrac” İdarəsi  tərəfindən həyata keçirilir.

Qaz paylayıcısı – ölkə daxilində qaz paylayıcı şəbəkə ilə təbii qazın istehlakçılara çatdırılması və satışı istiqamətində fəaliyyəti “Azəriqaz” İB həyata keçirir. Qaz paylayıcısı olaraq “Azəriqaz” İB inhisarçıdır.


Azərbaycanın daxili topdansatış qaz bazarı

Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda daxili bazarda təbii qazın 1 yanvar 2021-ci il tarixindən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdi.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, 1 dekabr 2024-cü il tarixindən etibarən “Azərkontrakt” ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri SOCAR tərəfindən həyata keçirilir.

Azərbaycanda istehlakçılara qazın paylanmasını “Azəriqaz” İB həyata keçirir. “Azəriqaz” İB qazı SOCAR-dan (“Qaz İxrac” İdarəsindən) topdansatış qiyməti ilə alır və onun daxili bazarda əhali və qeyri-əhali istehlakçılarına pərakəndə satışını təşkil edir.