EMTA-da Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində enerji, iqlim və ətraf mühit məsələləri ilə bağlı görüş olub
  • Publikasiya tarixi2020-03-12 03:00:00
  • KateqoriyasıPress-relizlər

12 mart 2020-ci il tarixdə EMTA-nın baş ofisində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində görüş keçirilib. Görüşün əsas məqsədi Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələrində enerji effektivliyi, bərpaolunan enerji, iqlim və ətraf mühitlə bağlı məsələləri ilə bağlı məsələlərin tədqiq edilməsi və ölkəmizdə bu istiqamətdəki fəaliyyətlə bağlı Avropa İttifaqına müvafiq tövsiyələrin hazırlanmasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) təcrübəsinin öyrənilməsi olub.

Avropa Komissiyasının eksperti, Danimarka Enerji İdarəsinin baş məşvərətçisi Morten Sonderqaard qəbul üçün minnətdarlığını bildirərək Avropa İttifaqının müvafiq tədqiqatının məqsəd və vəzifələri barədə qısa məlumat verib. Missiya barədə kiçik təqdimat verdikdən sonra o, EMTA-nın əsas fəaliyyət istiqamətləri, tənzimlənən sahələr, tariflər və Azərbaycanda bərpaolunan enerjidən istifadənin perspektivləri ilə maraqlanıb.

Qonağı salamlayan Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov EMTA-nın təsis edilməsində əsas məqsəd, fəaliyyət göstərdiyi qısa dövr ərzində görülən əsas işlər, o cümlədən Agentliyin  institusional inkişaf istiqamətləri və perspektivləri, işlənilməkdə olan normativ hüquqi baza haqqında  barədə məlumat verib.

Tariflərin müəyyən edilməsi barədə verilən sualı cavablandırarkən İsmayılov kommunal sahədə qüvvədə olan tariflərin əsasən 2016-cı ildə qəbul edildiyini və bu müddət ərzində əhali üçün təbii qaz limitində dəyişikliklərin baş verdiyini qeyd edib. O, hal-hazırda Agentlik tərəfindən tənzimləmə sahəsinə aid yeni tarif metodologiyalarının işlənildiyini, o cümlədən bu istiqamətdə liberal bazar modelinə keçidlə bağlı tələbləri qarşılayan qabaqcıl təcrübənin əsas götürüldüyünü vurğulayıb.    

Qonağın Agentliyin səlahiyyətlərinin su, məişət tullantıları və çirkab sularla bağlı məsələlərin tənzimlənməsi istiqamətində artırılması perspektivləri ilə bağlı sualına cavab olaraq Rövşən İsmayılov hazırda qanunla sadəcə 3 istiqamətin – elektrik və istilik enerjisi, habelə təbii qazın tənzimlənməsinin mümkün olduğunu, lakin səlahiyyətlərin genişləndirilməsinin müvafiq strateji yol xəritəsi çərçivəsində mümkün olduğunu ifadə edib.

Morten Sonderqaard “yaşıl” tarif, külək və günəş enerjisinin şəbəkəyə daxil edilməsinin şərtləri ilə maraqlanıb. O, bərpaolunan enerjinin əhəmiyyəti, buna uyğun yeni tikinti normaları və tələblərinin vacibliyi, enerjiyə qənaətdən əldə edilən səmərə və buna misal olaraq nümayəndəsi olduğu qurumun Malayziya təcrübəsindən danışıb.

EMTA İdarə Heyətinin sədrinin müavini Rövşən İsmayılov alternativ və bərpa olunan enerji mənbələrinin əhəmiyyətini, qabaqcıl Avropa təcrübəsinin tətbiqi, ölkənin energetika sahəsinə xarici investorların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılaşmanın əldə edilməsi ilə başa çatıb.