Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Hal-hazırda Azərbaycan Respublikasının elektrik enerjisi bazarı şaquli inteqrə olunmuş inhisarçılıq xüsusiyyətinə malikdir.
Artıq 20 ilə yaxın bir müddətdir ki, elektrik enerjisi bazarında münasibətlər iştirakçılar arasında bağlanmış müqavilə şərtləri əsasında tənzimlənir.
Səhmləri tam şəkildə dövlətə məxsus olan “Azərenerji” ASC elektrik enerjisinin istehsalçısı və ötürücüsü olaraq şaquli inteqrə olunmuş inhisarçılıq xüsusiyyətinə malik elektrik enerjisi bazarının əsas iştirakçısıdır.
Dövlətə məxsus elektrik stansiyalarının idarəedicisi olaraq “Azərenerji” ASC ümumilikdə ölkədə elektrik enerjisinə olan tələbatın qarşılanması üçün lazım olan elektrik enerjisinin 90 faizə qədərinin istehsalını həyata keçirir.
“Azərenerji” ASC sistemtəşkiledici 110 kilovolt və ondan yuxarı gərginlikli elektrik veriliş xətləri, onlara aid yarımstansiyalar və dispetçer idarəetmə vasitələrinin sahibi olaraq ötürücü sistem operatoru funksiyasını həyata keçirir.
Ötürücü sistem operatoru qismində “Azərenerji” ASC elektrik enerjisinin idxalı-ixracı və qonşu dövlətlərin enerjisistemləri ilə paralel iş və enerji mübadiləsi məsələləri ilə bağlı fəaliyyətləri həyata keçirir.
Vahid alıcı (bazar operatoru) qismində “Azərenerji” ASC dövlət mülkiyyətində olan elektrik stansiyalarından və bir neçə özəl elektrik stansiyasından elektrik enerjisinin alınmasını, həmçinin tranzit ötürülməsini həyata keçirir.
Elektrik enerjisinin topdan satıcısı qismində “Azərenerji” ASC aldığı elektrik enerjisini paylayıcı olaraq “Azərişıq” ASC-yə satır.
Elektrik enerjisinin pərakəndə satıcısı qismində “Azərenerji” ASC bilavasitə ötürücü elektrik şəbəkə sisteminə qoşulmuş məhdud sayda bir-neçə iri istehlakçıya elektrik enerjisi satır.
“Azərişıq” ASC 110 kilovoltluq dalan xətləri də daxil olmaqla 110 kilovolta qədər paylayıcı elektrik xətləri və onlara aid yarımstansiyalar və dispetçer idarəetmə vasitələrinin sahibi olaraq paylayıcı və təchizatçı sistem operatorunun funksiyalarını həyata keçirir.
Eyni zamanda tabeçiliyində 1 külək elektrik stansiyası fəaliyyət göstərir və bilavasitə paylayıcı şəbəkə sisteminə qoşulmuş bir-neçə elektrik stansiyasından elektrik enerjisini alır və (və ya) paylayıcı sistem üzərindən tranzit ötürülməsini həyata keçirir.
Özəlləşdirmə: Özəlləşdirmənin II Dövlət Proqramı çərçivəsində 4 Kiçik Su Elektrik Stansiyası özəlləşdirilib və hal-hazırda bu stansiyalar aktiv bazar iştirakçısı olmaqla yanaşı özəlləşdirmədən sonrakı fəaliyyəti yalnız özəl investisiyalar hesabına həyata keçirilir.
Yeni investisiyalar: Müstəqillik bərpa olunandan sonra özəl investisiyalar hesabına bir neçə kiçik güclü elektrik stansiyası bazara daxil olub.
Aktiv istehlakçı: Öz tələbatını təmin etmək üçün bir-neçə elektrik stansiyası fəaliyyət göstərir ki, onların bəziləri ötürücü və ya paylayıcı elektrik şəbəkəsinə qoşulub. Eyni zamanda ada rejimində fəaliyyət göstərən aktiv istehlakçı da vardır.
2024-cü ilin yanvar ayının 1-nə olan məlumata görə, ölkə üzrə “Azərişıq” ASC tərəfindən qeydiyyata alınan abonentlərin sayı 2 946 419 nəfər təşkil edir.
Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təchizatı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən həyata keçirilir. Xidmətin ölkənin əsas ötürücü şəbəkə sistemi ilə fiziki əlaqəsi yoxdur və ada rejimində fəaliyyət göstərir.
Müstəqilliyimizin bərpa olunduğu ilk illərdə Ermənistan tərəfindən həyata keçirilən blokada nəticəsində Naxçıvan MR-in elektrik enerjisi təchizatında çətinliklər olub. Həmin dövrdə Ulu Öndərin uzaqgörən siyasəti və qardaş Türkiyə Respublikasının dəstəyi sayəsində elektrik enerjisinin əvəzlənməsi yolu ilə Naxçıvan MR-in elektrik enerjisi təchizatı təmin edilib.
Sonrakı dövrdə isə yeni elektrik stansiyalarının istismara verilməsi, xüsusi ilə də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində Naxçıvan MR-in elektrik enerjisi təminatı tam şəkildə yerli istehsal hesabına həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışını həyata keçirməklə şaquli inteqrə olunmuş monopoliya xarakteri daşıyır.