Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanunvericilik
Azərbaycanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun ilə, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, energetika sahəsini tənzimləyən Azərbaycan Respublikasının qanunları, energetika və enerji resurslarından səmərəli istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.
Enerji resurslarından səmərəli istifadə nə deməkdir?
Enerji resurslarından səmərəli istifadə ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən daha faydalı istifadəsini nəzərdə tutur.
İstehlak olunan enerjinin hesablanması və istehlakçıların məlumatlandırılması
- Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı istehlakçılarını ağıllı sayğaclarla təchiz edir;
- Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir;
- Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır;
- İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri quraşdırır.
Məlumatların istehlakçılara çatdırılması və qorunması
Enerji təchizatçısı istehlakçıların istehlak olunmuş enerjiyə dair aşağıdakı məlumatlara əlçatanlığını təmin edir:
- Ən azı son 3 ili əhatə edən və mütəmadi təqdim olunan hesabat dövrlərinə uyğunlaşdırılmış istehlak məlumatları;
- Ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsilə ötürülən və ya sayğacın interfeysindən əldə edilən istənilən müddət (ay və il) üzrə istehlak məlumatları.
Enerji təchizatçısı:
- İstehlak edilən enerji haqqında məlumatları istehlakçıya və istehlakçının razılığı ilə enerji effektivliyi xidməti icraçısına mütəmadi, asanlıqla başa düşülən və analoji dövrlə müqayisə etmə imkanı verən formada təqdim edir;
- İstehlakçılara enerji istehlakı üzrə məlumatların elektron formada göndərilməsi imkanının yaradılmasını, həmçinin istehlakçıların sorğusu əsasında onlara istehlak etdikləri enerjiyə dair aydın və başa düşülən izahın verilməsini təmin edir;
- Ağıllı sayğacın funksiyaları və ondan istifadə qaydası barədə istehlakçıları məlumatlandırır;
- İstehlakçıya aid məlumatların qorunmasını və məxfiliyini təmin edir.