Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Davamlı inkişaf və məsuliyyətli yanaşma bu sahədə uğurun əsas meyarlarıdır” 
“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Daxili audit və nəzarət şöbəsinin müdiri Azər Əlilidir.
Azər Əlili bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə-kredit ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Maliyyə işi ixtisası üzrə tamamlayıb. Peşəkar fəaliyyətinə 2013-cü ildə başlamış Azər Əlili karyerası ərzində müxtəlif bank və maliyyə institutlarında mühasibatlıq və audit istiqamətləri üzrə çalışıb. O, peşəkar inkişafını davam etdirmək məqsədilə sahə üzrə müxtəlif yerli və beynəlxalq sertifikasiya proqramlarında iştirak edib və müvafiq sertifikatlara layiq görülüb.
EMTA-da əmək fəaliyyətinə 2024-cü ildə Daxili audit və nəzarət şöbəsinin müdir müavini, Daxili audit sektorunun müdiri vəzifəsində başlayan Azər Əlili hazırda həmin şöbənin müdiri vəzifəsində çalışır.
EMTA-dakı fəaliyyətiniz barədə danışa bilərsinizmi?
Fəaliyyətimiz Agentlikdə yoxlamaların həyata keçirilməsi, səmərəli fəaliyyətin təmin edilməsi və risklərin idarə edilməsi məqsədi ilə daxili nəzarət tədbirlərini təşkil etmək və həyata keçirməkdən ibarətdir. Yoxlama nəticəsində əldə olunan müşahidə və qiymətləndirmələr əsasında Agentliyin müəyyən olunmuş strateji hədəflərinə daha səmərəli və effektiv şəkildə çatmasını təmin etmək məqsədilə müvafiq təkliflər və tövsiyələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilir.
Daxili nəzarət funksiyası çərçivəsində mövcud qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin təmin olunması məqsədi ilə xidməti araşdırmalar həyata keçirilir. Bu araşdırmalar Agentlikdaxili qayda və təlimatların, həmçinin normativ hüquqi aktların pozulması hallarının aşkarlanması və obyektiv şəkildə qiymətləndirilməsini əhatə edir.
Gündəlik işinizdə sizi ən çox nə motivasiya edir? 
Gündəlik işimdə məni ən çox motivasiya edən amil daxili audit komandası olaraq Agentliyin risklərinin idarə olunması, daxili nəzarət və idarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində verdiyimiz təkliflərin nəticəsində qurumun fəaliyyətində əhəmiyyətli və müsbət dəyişikliklərin müşahidə olunmasıdır. Bununla yanaşı, komandanın peşəkar inkişafına, onun potensialının üzə çıxarılmasına, bilik və bacarıqlarının artırılmasına və təşəbbüskarlığın təşviqinə töhfə vermək də mənim üçün önəmli bir stimuldur.
Sizcə, audit üçün vacib olan bacarıqlar hansılardır?
Düşünürəm ki, auditor peşəkar fəaliyyətində diqqətli və dəqiq olmalıdır. Proseslərin, sənədlərin və əməliyyatların təhlil edilməsi zamanı uyğunsuzluqların nəzərdən yayınmaması üçün auditor yüksək diqqətə, hesabatların və aşkarlanmış çatışmazlıqların düzgün şəkildə sənədləşdirilməsində isə yüksək dəqiqliyə malik olmalıdır. Eyni zamanda, yüksək analitik düşüncəsi və dünyagörüşü olmalı, potensial riskləri aşkar etməli və həmin risklərin qarşısının alınması üçün effektiv və səmərəli həll yolları təklif etməlidir. Auditor yalnız sənədlərlə işləmir, o cümlədən insanlarla daimi ünsiyyətdə olur. Bu səbəbdən, onun həm yazılı, həm də şifahi ünsiyyət bacarığı yüksək səviyyədə olmalı, müşahidələrini aydın və məntiqli şəkildə izah etməyi bacarmalıdır.
Daxili audit prosesində hansı metod və yanaşmalardan istifadə edirsiniz?
Daxili audit prosesində fəaliyyətimi beynəlxalq standartlar və etik prinsiplərə uyğun şəkildə həyata keçirirəm. Başlıca olaraq, risk əsaslı yanaşmadan istifadə edirəm. Bu yanaşma Agentliyin qarşılaşa biləcəyi risklərin qiymətləndirilməsi və onların idarə olunması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində effektivliyin təmin olunmasına şərait yaradır. Peşəkar fəaliyyətim dürüstlük, obyektivlik və konfidensiallıq prinsipləri üzərində qurulmuşdur.
Fikrinizcə, daxili audit qurumun ümumi fəaliyyətinə necə töhfə verir?
Daxili audit Agentliyin risklərinin idarə olunması, daxili nəzarət və idarəetmə proseslərini mütəmadi olaraq qiymətləndirir və həmin proseslərin effektivliyinin artırılması istiqamətində təkliflər verir. Bu, qurumun strateji məqsədlərinə səmərəli şəkildə nail olunmasını, strateji, hesabatlılıq, uyğunluq, nüfuz, maliyyə və əməliyyat risklərinin vaxtında aşkarlanaraq qarşısının alınmasına imkan yaradır. Nəticədə daxili audit qurumun ümumi fəaliyyətinin optimallaşdırılmasına, proseslərin təkmilləşdirilməsinə və strateji məqsədlərin uğurla həyata keçirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Audit sahəsində karyera qurmaq istəyənlərə hansı tövsiyələri verərdiniz?
Audit sahəsində uğurlu karyera qurmaq istəyən şəxslər beynəlxalq audit standartlarını dərindən bilməli, öz fəaliyyətində dürüstlük və obyektivlik kimi dəyərlərə sadiq qalmalıdırlar. Bundan əlavə, auditor yüksək səriştəyə malik olmalı, bilik və bacarıqlarını mütəmadi olaraq yeniləməyə çalışmalıdır. Hesab edirəm ki, davamlı inkişaf və məsuliyyətli yanaşma bu sahədə uğurun əsas meyarlarıdır.