Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Daxili auditor yalnız problemləri aşkar etmir, proseslərin inkişafına töhfə verir” 
“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Daxili audit və nəzarət şöbəsinin (DANŞ) baş mütəxəssisi Vüqar Hüseynovdur.
Vüqar Hüseynov Türkiyə Respublikasında Mərmərə Universitetində “Mühasibat uçotu”, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) isə “Mühasibat uçotu və audit” ixtisası üzrə ali təhsil alıb.
Bank sektorunda mühasib, baş əməliyyatçı və filial rəhbəri kimi vəzifələrdə yüksək təcrübəyə sahib olan V.Hüseynov EMTA-da əmək fəaliyyətinə 2019-cu ildə başlayıb.
Çalışdığı müddət ərzində əmək fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və vəzifəsində pillə-pillə irəliləyərək 2024-cü ilin avqust ayından etibarən fəaliyyətini baş mütəxəssis kimi davam etdirir.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Fəaliyyətimin əsas istiqaməti Agentliyin struktur bölmələri və filialları üzrə daxili nəzarət və audit tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Belə ki, DANŞ tərəfindən struktur bölmələr və filiallar tərəfindən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin olunması, eləcə də təşkilati-sərəncamverici sənədlərin qüvvədə olan qanunvericiliyin və daxili prosedurların tələblərinə uyğun şəkildə hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət həyata keçirilir. Eyni zamanda, Agentliyə daxil olan müraciətlərin şəffaflıq, obyektivlik, məsuliyyət prinsipləri əsasında və qanunvericiliyin tələblərinə riayət edilməklə cavablandırılmasına nəzarət olunur.
Bununla yanaşı, aparılan yoxlamalar və təhlillər çərçivəsində mövcud risklərin minimuma endirilməsi, mümkün risklərin isə erkən mərhələdə müəyyən edilərək onların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.
Düşünürəm ki, fəaliyyətimiz Agentliyin strategiyasının, idarəetmə və nəzarət mexanizmlərinin daha effektiv şəkildə formalaşdırılmasına və daxili proseslərinin səmərəli şəkildə təşkil olunmasına mühüm töhfə verir.
Fəaliyyətinizin ilk illərində daxili nəzarət və audit haqqında təsəvvürlərinizlə indiki reallıq arasında nə kimi fərqlər var?
İlk illərdə daxili nəzarət və audit barədə təsəvvürlərim daha çox müvafiq sahə üzrə aparılan yoxlamalar, sənədlərin formal uyğunluğunun qiymətləndirilməsi və prosedurların icrasının izlənilməsi çərçivəsində formalaşmışdı. İllər keçdikcə fəaliyyət göstərdiyim sahənin dürüstlük, obyektivlik və yüksək peşə etikası tələb etdiyini, həmçinin məxfilik prinsipinə ciddi riayət olunmasının və davamlı özünüinkişafın vacibliyini başa düşdüm. Bununla yanaşı, təcrübi fəaliyyət nəticəsində bu sahənin risk əsaslı və analitik yanaşma tələb edən kompleks bir sistem olduğunu, həm strateji əhəmiyyətini, həm də yüksək məsuliyyət yükünü daha dərindən anladım. Bu isə məndə işə daha peşəkar, məsuliyyətli və nəticəyönümlü yanaşma tərzinin formalaşmasına şərait yaratdı.
Müasir dünyada daxili auditoru riskləri görüb dəyərləndirmək baxımından “qurumun həkimi” adlandırırlar. Sizcə, daxili auditorun əsl missiyası nədən ibarətdir?
Hesab edirəm ki, daxili auditorun əsas missiyası təşkilatın fəaliyyətinə dəyər qatmaq və idarəetmə proseslərinin daha effektiv həyata keçirilməsinə töhfə verməkdir. Bu baxımdan daxili audit Agentliyin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, Agentliyin öz məqsədlərinə nail olmasında köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Nəzarət tədbirləri nəticəsində aşkarlanan nöqsanların təkrarlanmaması üçün hansı qabaqlayıcı tədbir və ya nəzarət sistemini daha effektiv hesab edirsiniz?
Nəzarət tədbirləri nəticəsində aşkar edilmiş nöqsanların başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə “kök səbəb” analizi (“root cause analysis”) tətbiq olunur. Bu metod yalnız mövcud nəticənin deyil, həm də həmin nöqsanın yaranmasına gətirib çıxaran əsas amillərin müəyyən olunması və sistemli şəkildə təhlil edilməsinə əsaslanır. Məqsəd isə aşkar edilmiş problemlərin aradan qaldırılması ilə yanaşı, onların təkrarlanmasının qarşısının alınması, proseslərin davamlı təkmilləşdirilməsinin təmin edilməsidir.
Nöqsanların təkrarlanmasının minimuma endirilməsi məqsədilə “dörd göz” prinsipi (“four-eyes principle”) tətbiq edilir. Bu prinsip bir əməliyyatın və ya sənədin ən azı iki şəxs tərəfindən yoxlanılması və təsdiqlənməsinə əsaslanan daxili nəzarət mexanizmidir. Bu yanaşmanın əsas məqsədi səhvlərin vaxtında aşkarlanması, insan faktoru ilə bağlı risklərin azaldılması, eləcə də mümkün sui-istifadə hallarının qarşısının alınmasıdır.
Hesab edirəm ki, bu kimi beynəlxalq təcrübədə tətbiq olunan yanaşmaların mənimsənilməsi nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə və iş prosesinin daha səmərəli, effektiv şəkildə həyata keçirilməsinə imkan yaradır.
Audit sahəsində karyera qurmaq istəyənlərə tövsiyələriniz nələrdir?
Audit sahəsində karyera qurmaq istəyənlərə, ilk növbədə dürüst və obyektiv olmağı, eyni zamanda daim öz üzərində çalışmağı tövsiyə edərdim. Çünki bu sahə davamlı öyrənməyə açıq, sistemli və inkişafyönümlü olmağı tələb edir. Bununla yanaşı, analitik düşünmə qabiliyyəti və detallara diqqət audit peşəsində fərqləndirici amillərdən hesab edilir. Müxtəlif sahələr üzrə təcrübi biliklərin əldə edilməsi və beynəlxalq yanaşmaların mənimsənilməsi isə bu istiqamətdə peşəkar inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.