Samir Yusifov
  • KateqoriyaKaryera Bloqu

"Vəzifəmi şəxsi və peşəkar inkişafımı təmin edən bir imkan kimi dəyərləndirirəm" 

“Karyera bloqu”nun növbəti müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA)  Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun böyük mütəxəssisi Samir Yusifovdur. Samir Yusifov bakalavr təhsilini Mingəçevir Politexnik İnstitutunda (indiki Mingəçevir Dövlət Universiteti) “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə fərqlənmə diplomu ilə, magistr təhsilini isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İstilik elektrik stansiyalarının yanacaq və su texnologiyaları” ixtisası üzrə bitirib.

O, EMTA-da əmək fəaliyyətinə 2018-ci ildə Şirvan filialının müfəttişi olaraq başlayıb. Qısa müddət ərzində fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və 2020-ci ildən Şirvan filialının aparıcı müfəttişi, 2022-ci ildən sözügedən filialın böyük müfəttişi, 2023-cü ildən isə Bakı filialının böyük müfəttişi vəzifəsinə təyin olunub.

Hazırda əmək fəaliyyətini Agentliyin Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun böyük mütəxəssis kimi davam etdirir.


EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz? 

Fəaliyyətim ümumi olaraq elektrik enerjisi sahəsində filialların fəaliyyətinə nəzarət,  normativ-hüquqi tələblərin yerinə yetirilməsinin yoxlanılması və müəssisələrin fəaliyyətinin təhlili ilə əlaqədardır. Eyni zamanda, monitorinq ilə bağlı sənədlərin yoxlanması, məlumatların emalı, təhlili və qiymətləndirilməsindən ibarətdir. Vəzifəmi icra edərkən onu sadəcə bir iş kimi deyil, şəxsi və peşəkar inkişafımı təmin edən bir imkan kimi dəyərləndirirəm. 

İş prosesində çətinliklərlə qarşılaşdıqda, motivasiya və işə bağlılığınızı necə qoruyursunuz?

Qeyd etmək istərdim ki, peşəkar səviyyədə inkişaf etməyə və fərqli təcrübələrin öyrənilməsinə şərait yaradılması mənə ruh yüksəkliyi verir. Həmçinin iş prosesində qarşılaşdığım çətin işlərin araşdırılaraq həllinin qanunvericiliyə uyğun təmin edilməsi, vətəndaşların gündəlik həyatına, müəssisələrin fəaliyyətinə təsir edən layihələrlə məşğul olmaq motivasiyamı və işə bağlılığımı qorumağa kömək edir. Nəticədə, hər bir çətinlik yeni təcrübə və inkişaf imkanı yaradır.

Agentlik daxilində effektiv əməkdaşlıq və komanda işi üçün hansı prinsipləri vacib hesab edirsiniz?

Effektiv komanda işi üçün təhlükəsizlik qaydalarına riayət, yeni texnologiyalara uyğunlaşma, təkmilləşdirmə, resurslardan optimal istifadə, problemləri birgə həll etmə və risklərin idarə olunması vacibdir. Eyni zamanda, təcrübə mübadiləsi, pozitiv əməkdaşlıq mədəniyyəti, məsuliyyət, yaradıcı yanaşma və təşəbbüskarlıq prinsiplərinin də mühüm olduğunu hesab edirəm.

Peşəkar inkişaf baxımından hazırda üzərində çalışdığınız istiqamətlər hansılardır?

Qeyd etmək istəyirəm ki, peşəkar insan yeniliklərə açıq olmalıdır. Mən xüsusilə yaşıl enerji, elektrik enerjisinin saxlanması, yeni texnologiyalar və ağıllı sistemlərin tətbiqi sahələrinə maraq göstərir və mütəmadi olaraq bu sahədə yenilənmiş məlumatları öyrənirəm.

Elektroenergetika sahəsində uğur qazanmaq üçün vacib hesab etdiyiniz bilik və bacarıqlar nələrdir?  

Bu sahədə uğur qazanmaq üçün nəzəri və texniki biliklərə yiyələnməyi, müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarını bilməyi vacib sayıram. Bununla yanaşı, müasir dövrdə uğur qazanmaq üçün qabaqcıl ölkələrin təcrübələrinin, eləcə də yaşıl enerji texnologiyalarının öyrənilməsini əhəmiyyətli hesab edirəm. Təsadüfi deyil ki, müvafiq sahədə çağırışlar yaşıl enerji, təmiz ətraf mühit və ekoloji dizayn tələbi, bərpa olunan enerji mənbələrinə inteqrasiya, enerji səmərəliliyi, enerji təhlükəsizliyi və yeni texnologiyalar ilə bağlıdır.

Karyera yolunuzda sizin üçün istiqamətverici olmuş və bu gün də dəyərini qoruyan mühüm peşəkar tövsiyə nə olub?

Mənim üçün karyera yolunda istiqamətverici tövsiyə bundan ibarət olub ki, istənilən qərarın arxasında insan məsuliyyəti dayanır. Ona görə də hər addımı məsuliyyətlə, diqqətlə və uzunmüddətli nəticəni düşünərək atmağa çalışıram. Bu prinsip bu gün də mənim üçün peşəkar etikanın, keyfiyyətli işin və inkişafın əsas meyarıdır.