Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Dayanıqlı nəticələr yalnız güclü komanda işi nəticəsində mümkün olur” 
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Leyla Cəfərova “Karyera bloqu”na müsahibəsində Agentlikdəki əmək fəaliyyətindən danışıb.
O, Bakı Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə həm bakalavr, həm də magistr pillələrində təhsil alıb.
Leyla Cəfərova EMTA-da əmək fəaliyyətinə 2024-cü ildə müşavir vəzifəsində başlayıb, hazırda isə Hüquqi təminat və təhlil şöbəsinin müdiri vəzifəsini icra edir.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
EMTA-dakı fəaliyyətimi hüquqi bilik, analitik yanaşma və strateji düşüncənin vəhdəti kimi təsvir edərdim. Burada həmkarlarımla birlikdə energetika sahəsinin sürətlə dəyişən reallıqları fonunda hüquqi mexanizmlərin formalaşdırılması və təkmilləşdirilməsində iştirak edirəm.
Bu fəaliyyət yalnız normativ sənədlərin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda sahənin inkişaf istiqamətlərini, riskləri və uzunmüddətli nəticələri nəzərə alan yanaşma tələb edir. Mənim üçün energetika sahəsində hüquq yalnız normativ-hüquqi aktların toplusu deyil, strateji qərarların formalaşdırılmasında mühüm rol oynayan, geniş perspektiv və uzaqgörənlik tələb edən canlı bir mexanizmdir.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
İşimdə ən çox sevdiyim tərəflərdən biri analitik düşüncə tələb etməsidir. Hər bir hüquqi məsələ yalnız mövcud normaların tətbiqi ilə məhdudlaşmır, eyni zamanda risklərin qiymətləndirilməsini və mümkün nəticələrin öncədən düşünülməsini zəruri edir.
Digər vacib cəhət, yeni baxışların formalaşdırılması imkanının olmasıdır. Energetika sahəsi qlobal trendlərlə, texnoloji yeniliklərlə və beynəlxalq tənzimləmə mexanizmləri ilə sıx bağlıdır. Bu kontekstdə hüquq statik deyil, daim yenilənən və inkişaf edən dinamik bir sahəyə çevrilir. Mənim üçün bu prosesdə fərqli yanaşmalar irəli sürmək, mövcud çərçivələri yenidən düşünmək və daha effektiv hüquqi həllər tapmaq xüsusi motivasiya mənbəyidir.
Eyni zamanda, dəyişən reallıqlara çevik uyğunlaşma imkanı işimin ayrılmaz hissəsidir. Energetika sahəsində baş verən sürətli dəyişikliklər hüquqşünasdan yalnız bilik deyil, həm də çeviklik, açıq düşüncə və strateji baxış tələb edir. Məhz bu dinamika işimi mənim üçün maraqlı, mənalı və davamlı inkişafyönümlü edir.
Sizcə, insanın xarakteri onun karyera seçiminə nə dərəcədə təsir göstərir? Seçilən peşə zamanla insan xarakterini, düşüncə tərzini dəyişdirir, yoxsa əksinə?
Bəli, insanın xarakteri onun karyera seçiminə birbaşa təsir göstərir. Bu təsiri bəzən karyeranın başlanğıc mərhələsində dərhal hiss etməyə bilərsən, lakin illər keçdikcə insan bu əlaqəni daha aydın dərk edir. Zamanla anlayırsan ki, səni müəyyən bir sahədə saxlayan və ya başqa istiqamətə yönəldən məhz daxili yanaşmandır.
Mənim fikrimcə, peşə insanın xarakterini dəyişmir, əksinə, insanın xarakteri peşəni dəyişir və formalaşdırır. Düşüncə tərzi, həyata və işə yanaşma, inkişaf ehtiyacı və məqsədlər peşəyə dair gözləntiləri və tələbləri müəyyən edir. Məhz bu tələblər insanı mövcud peşə çərçivəsini yenidən nəzərdən keçirməyə, yeni istiqamətlər axtarmağa və karyerasını daha yüksək səviyyədə inkişaf etdirməyə sövq edir. İnsan dəyişdikcə, onun peşə seçimi və karyera yolu da bu dəyişikliklərə uyğun şəkildə inkişaf edir.
Fəaliyyətinizdə hansı prinsip və dəyərləri prioritet hesab edirsiniz?
Peşəkar fəaliyyətimdə qanunauyğunluq, obyektivlik, dəqiqlik və davamlı inkişaf prinsiplərinə əsaslanıram. Hər bir məsələyə analitik və sistemli yanaşmaq, riskləri öncədən qiymətləndirmək və qərar qəbul edərkən həm hüquqi, həm də strateji nəticələri nəzərə almaq mənim üçün əsas prinsiplərdir.
Fəaliyyətimdə mənim üçün əsas dəyərlər vətənə sədaqət, peşəkar nüfuzun qorunması və məsuliyyət hissidir. Bu dəyərlər qəbul etdiyim qərarların mahiyyətini müəyyən edir, həm peşəkar, həm də şəxsi mövqeyimi formalaşdırır və uzunmüddətli yanaşmanı əsas götürməyə imkan verir.
Zənnimcə, uğurlu hüquqşünas üçün ən vacib keyfiyyətlər peşəkar bilik, məntiqi düşünmə bacarığı və yüksək məsuliyyət hissidir. Bu keyfiyyətlər hüquqşünasa mürəkkəb proseslərdə düzgün qərar verməyə və davamlı nəticələr əldə etməyə imkan yaradır.
CEER tərəfindən Brüsseldə təşkil olunmuş tədbirdə panel müzakirələri, 24 iyun 2025
Karyeranızda əldə etdiyiniz ən dəyərli təcrübə nə olub və bu təcrübə işinizə, qərar qəbuletmə yanaşmanıza necə təsir göstərib?
Hüquqşünas kimi karyeram boyunca əldə etdiyim ən dəyərli təcrübə müxtəlif sahələrdə hüquqi məsuliyyət yaradan qərarların qəbulunda iştirak etmək olub. Bu proses mənə göstərib ki, hüquq yalnız normativ çərçivə deyil, eyni zamanda maraqların qorunması, risklərin düzgün qiymətləndirilməsi və uzunmüddətli nəticələrin əvvəlcədən nəzərə alınmasıdır. Eyni zamanda, zamanla dərk etmişəm ki, həqiqətən yaxşı və dayanıqlı nəticələr yalnız güclü komanda işi nəticəsində mümkün olur.
Qərar qəbul edərkən daha sistemli və məsuliyyətli yanaşmağa çalışıram. Hər bir hüquqi məsələyə təkcə formal düzgünlük prizmasından deyil, onun real təsiri, tətbiq imkanları və gələcək nəticələri baxımından yanaşmağı özüm üçün əsas prinsip kimi formalaşdırmışam. Bu yanaşma fərdi baxışdan çox, müzakirə və əməkdaşlıq üzərində qurulan komanda düşüncəsini tələb edir.
Bu təcrübə xüsusilə energetika sahəsində daha aydın şəkildə özünü göstərir. Energetika dövlət üçün strateji əhəmiyyət daşıyan bir istiqamət olduğundan, burada hüquqi qərarların həm dövlət maraqlarını, həm də bazar iştirakçılarının hüquq və mənafelərini eyni vaxtda nəzərə alması tələb olunur. Məhz bu balansın qorunması hüquqşünas kimi məsuliyyətimi daha da artırır və qərar qəbuletmə prosesində geniş baxış bucağı ilə yanaşı, komanda işinin vacibliyini bir daha təsdiqləyir.
Energetika sahəsində hüquqşünas olmaq istəyənlərə tövsiyələriniz nələrdir?
Əsas tövsiyəm odur ki, daim öyrənin və öz üzərinizdə işləməyi heç vaxt dayandırmayın. Energetika kimi dinamik və sürətlə dəyişən bir sahədə biliklərin yenilənməsi zərurətdir. Araşdırın, fərqli yanaşmaları müqayisə edin, beynəlxalq təcrübəni izləyin və baş verən dəyişikliklərin səbəblərini anlamağa çalışın. Sual verməkdən çəkinməyin, məhz suallar inkişafın və peşəkar dərinliyin əsasını qoyur.
Eyni zamanda, ən vacib məqam cəsarətdir. Naməlum sahəyə addım atmaq, yeni çağırışları qəbul etmək və komfort zonasından çıxmaq inkişafın ayrılmaz hissəsidir. İlk addımlar bəzən çətin görünə bilər, lakin məhz bu addımlar gələcək peşəkar yolun istiqamətini müəyyən edir. Energetika gələcəklə bağlı sahədir və bu gələcəyi formalaşdırmaq istəyən hüquqşünaslara hər zaman ehtiyac var.