Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Peşəkarlıq yalnız işi vaxtında görmək deyil, həm də görülən işin nəticəsinə görə məsuliyyət daşımaqdır”
“Karyera bloqu”nun növbəti müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun böyük mütəxəssisi Elşən Nəbiyevdir. Elşən Nəbiyev Azərbaycan Texniki Universitetində “Elektrik təchizatı” ixtisası üzrə bakalavr və magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib.
EMTA-da əmək fəaliyyətinə 2021-ci ildə Şirvan filialının müfəttişi olaraq başlayan Elşən Nəbiyev 2023-2025-ci illərdə fəaliyyətini Xaçmaz, Şirvan və Bakı filiallarında eyni vəzifədə davam etdirib. O, daha sonra Bakı filialının aparıcı müfəttişi vəzifəsində çalışıb.
Hazırda əmək fəaliyyətini Agentliyin Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun böyük mütəxəssisi kimi davam etdirir.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Fəaliyyətimi məsuliyyətli, inkişafyönümlü və nəticəyə fokuslanmış fəaliyyət kimi qiymətləndirirəm. İşim çərçivəsində verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasına, məsələlərin operativ araşdırılmasına, həmçinin əsaslandırılmış nəticələrin təqdim edilməsinə xüsusi diqqət yetirirəm. Fəaliyyətim müddətində həm peşəkar bilik və bacarıqlarımı inkişaf etdirməyə, həm də komandanın ümumi işinə faydalı töhfə verməyə çalışmışam. Yeni məsələlərin öyrənilməsi və qarşıya çıxan problemlərin həlli mənim üçün əsas inkişaf istiqamətlərindəndir.
Enerji müfəttişi kimi bir neçə filialda çalışmısınız. Bu təcrübə sizə nə öyrədib?
Müxtəlif filiallarda enerji müfəttişi kimi çalışmaq texniki biliklərlə yanaşı, sahə üzrə çeviklik və zəngin təcrübə qazandırır. Fərqli mühitlərdə işləmək məsələlərə daha geniş pəncərədən baxmağa imkan verir. Hər filialın özünəməxsus iş dinamikası olur. Bu baxımdan, əldə etdiyim təcrübə yeni mühitə dərhal uyğunlaşmağı və fərqli texniki problemlərin həll yollarını tez tapmağı, xüsusilə diqqət, obyektivlik və məsuliyyətin vacibliyini öyrədib.
İşinizdə sizi motivasiya edən amillər hansılardır?
İşimdə məni motivasiya edən əsas amillər peşəkar inkişaf, səmərəlilik və nəticəyönümlü iş mühitidir. Görülən işin real nəticəsini, təhlükəsizlik və effektivlik baxımından müsbət dəyişikliklərə səbəb olduğunu görmək mənim üçün ən böyük motivasiya amilidir. Bununla yanaşı, qarşıya çıxan texniki və ya təşkilati çətinliklərə optimal həll yolları tapmaq, yeni texnologiyalar və normativlərlə işləyərək biliklərimi davamlı artırmaq məni ruhlandırır. Tapşırılan işin əhəmiyyətini hiss etmək, rəhbərlik və həmkarlar tərəfindən etibar edilən biri olmaq işimə daha böyük məsuliyyətlə yanaşmağımı təmin edir. Qarşılıqlı hörmətə, bilik paylaşımına və komanda ruhuna əsaslanan iş mühitində çalışmaq gündəlik iş fəaliyyətimi daha məhsuldar edir.
Peşə fəaliyyətinizdə aldığınız hansı məsləhət karyera yolunuzda istiqamətverici olub?
“Tapşırığı sadəcə yerinə yetirməyə deyil, onun mahiyyətini və məqsədini anlamağa çalış” – bu məsləhət mənə işə daha məsuliyyətli və sistemli yanaşmağı öyrədib. Hər hansı tapşırıq aldıqda, yalnız verilən işi icra etməklə kifayətlənməməyə, onun hansı məqsədə xidmət etdiyini, mümkün riskləri və daha səmərəli həll yollarını düşünməyə çalışıram. Bu məsləhət mənə xüsusilə verilən qərarların və hazırlanan sənədlərin gələcək nəticələrini əvvəlcədən nəzərə almağın vacibliyini daha yaxşı dərk etdirib.
Hesab edirəm ki, peşəkarlıq yalnız işi vaxtında görmək deyil, həm də görülən işin nəticəsinə görə məsuliyyət daşımaqdır. Bu prinsip bu gün də fəaliyyətimdə mənim üçün əsas istiqamətlərdən biridir.