Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“EMTA-da daim öyrənmək və inkişaf etmək imkanı var” 
“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun baş mütəxəssisi Ozal Feyzilidir.
Ozal Feyzili bakalavr təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası, magistr təhsilini isə həmin universitetdə “Avtomatika və elektronika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. O, həmçinin ADNSU-nun “İnformasiya-ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə doktorantura pilləsində təhsilini tamamlayıb.
Enerji sahəsində yüksək təcrübəyə sahib olan Ozal Feyzili EMTA-da əmək fəaliyyətinə 2018-ci ildə başlayıb. Çalışdığı qısa müddət ərzində əmək fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və vəzifəsində pillə-pillə irəliləyərək 2024-cü ilin oktyabr ayından etibarən fəaliyyətini baş mütəxəssis kimi davam etdirir.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
EMTA-da fəaliyyətim enerji sahəsində monitorinqin keçirilməsi, beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də bu sahədə səmərəliliyin artırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi istiqamətləri ilə bağlıdır. Burada fəaliyyətim mənim üçün yalnız bir iş rejimi deyil, həm də bu sahədə öz bilik və təcrübəmi daha da artırmaq üçün bir fürsətdir. Məsələn, 2024-cü ilin iyun ayında Malayziyada keçirilmiş “Enerji idarəçiliyi vasitəsilə davamlılıq” adlı təlimi nümunə kimi qeyd etmək istərdim. Belə ki, bu təlimdə iştirak etməklə, enerji təchizatı sistemlərinin effektiv idarə edilməsi, enerjiyə qənaət etmək üçün həyata keçirilən layihələr və enerji səmərəliliyinin artırılmasında istehlakçıların rolu haqqında faydalı məlumatlar əldə etdim.
Malayziyanın Selanqor ştatının Banqi şəhərində keçirilmiş “Enerji idarəçiliyi vasitəsilə davamlılıq” təlimi, 2024
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
İşimdə ən çox sevdiyim məqam onun real nəticələrini görməkdir. Yalnız masa arxasında qalan sənədlərlə deyil, vətəndaşların gündəlik həyatına, müəssisələrin fəaliyyətinə birbaşa təsir edən layihələrlə məşğul olmaq mənim üçün xüsusilə əhəmiyyətlidir.
Digər tərəfdən, müvafiq sahədə görülən işlər və bu sahədə həyata keçirilən təlimlər mənə fərqli ölkələrin təcrübələrini görmək və bu bilikləri yerli reallığa uyğun şəkildə tətbiq etmək imkanı yaradır.
İnkişaf etməkdə olan ölkələr üçün təmiz enerjinin tətbiqi texnologiyası üzrə Çində təşkil edilmiş seminar, 2023
Hansı şəxsi xüsusiyyətlərinizin bu sahədə uğur qazanmağınıza kömək etdiyini düşünürsünüz?
Düşünürəm ki, ilk növbədə, öyrənməyə olan açıq münasibətim və daim yenilik axtarmaq həvəsim bu sahədə irəliləməyimə ciddi təsir göstərib. Enerji sektoru daim inkişaf edən və dinamik şəkildə yenilənən bir sahədir, burada hər gün yeni biliklər əldə etməli, daim öyrənməyə və bir addım öndə olmağa çalışmalısan. İkinci vacib xüsusiyyət isə detallara diqqət etmək və analitik düşüncə bacarığıdır.
Üçüncü xüsusiyyəti ünsiyyət və əməkdaşlıq bacarığı olaraq qeyd etmək istərdim. Enerji sahəsi təkcə texniki mütəxəssislərin yox, həm də idarəedicilərin, iqtisadçıların, hüquqşünasların bir arada çalışdığı çox ciddi bir sahədir. Müxtəlif tərəflərlə effektiv əlaqə qurmaq və ortaq nəticəyə gəlmək bu işin ayrılmaz hissəsidir.
Çalışdığınız sahədə çətin məqamlarla qarşılaşdıqda sizə nə motivasiya verir?
Çətinliklə qarşılaşanda düşündüyüm əsas sual - “Bu iş insanların həyatını necə yaxşılaşdıracaq?”- olur. Çətin anlarda həmkarlarımla fikir mübadiləsi aparmaq, yeni həll yolları tapmaq, ümumi məqsəd üçün birlikdə irəliləmək problemləri daha tez və effektiv həll etməkdə kömək olur.
Peşəkar inkişafınıza dəstək üçün əlavə olaraq hansı sahələrdə bilik və bacarıqlarınızı artırmaq istərdiniz?
Enerji sahəsi sürətlə dəyişən və genişlənən bir sahə olduğundan daim bilik və bacarıqlarımı inkişaf etdirməyə çalışıram. Əlavə olaraq, rəqəmsal texnologiyalar və data analitikası sahəsində biliklərimi artırmaq istəyirəm. Çünki enerji sektorunda böyük həcmli məlumatların analizi və ağıllı sistemlərin tətbiqi getdikcə daha vacib rol oynayır.
Hesab edirəm ki, bu sahədə peşəkar biliklərimi artırmağım həm fərdi, həm də komandaya əsaslanan layihələrdə daha effektiv fəaliyyət göstərməyimə dəstək olacaq. EMTA-da daim öyrənmək və inkişaf etmək imkanı var.
Energetika sahəsində mütəxəssis olmaq istəyənlərə tövsiyələriniz nələrdir?
Energetika sahəsində mütəxəssis olmaq istəyənlərə əsas tövsiyəm davamlı öyrənmək və yeniliklərə açıq olmaqdır.
İkincisi, praktiki təcrübə qazanmaq, laboratoriyalarda, layihələrdə və ya beynəlxalq təlimlərdə iştirak etmək, nəzəri bilikləri real şəraitdə sınamaq və inkişaf etdirmək vacibdir.
Nəhayət, enerjiyə və ətraf mühitə məsuliyyətlə yanaşmağı vurğulamaq istərdim. Düşünürəm ki, gələcəkdə bu sahənin əsas çağırışları davamlılıq və yaşıl texnologiyalarla bağlı olacaq, buna görə də etik və davamlı yanaşma hər bir peşəkarın əsas xüsusiyyətlərindən biri olmalıdır. Nəticə olaraq demək olar ki, bu sahədə uğur qazanmağın təməl şərtləri peşəkarlıq, məsuliyyət və əzmdir.