Anar Süleymanov
  • KateqoriyaKaryera Bloqu

“Rəqib kimi özünüzü seçin və daim inkişafda olun”

“Karyera bloqu”nun növbəti müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin baş hüquqşünası Anar Süleymanovdur.

O, Bakı Dövlət Universitetində (BDU) “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, Taras Şevcenko adına Kiyev Dövlət Universitetində isə eyni ixtisas üzrə magistr təhsili alıb.

Energetika sahəsində hüquqşünas kimi 20 illik iş təcrübəsinə sahib olan Anar Süleymanov EMTA-da əmək fəaliyyətinə 2020-ci ildə aparıcı hüquqşünas kimi başlayıb və hazırda baş hüquqşünas vəzifəsində çalışır.


EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz? 

EMTA-dakı iş fəaliyyətim çox spesifik və mütəxəssis bilikləri tələb edən bir sahəni əhatə edir. Qabaqcıl beynəlxalq təcrübənin, xarici ölkələrin energetika sahəsində qanunvericiliyinin araşdırılması və tətbiqi imkanları ilə bağlı təkliflərin hazırlanması, mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, həmçinin yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak gündəlik fəaliyyətimizin bir hissəsini təşkil edir. Bundan başqa, EMTA-nın fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi, təqdim olunan hüquqi sənədlərin təhlili və ekspertizasının aparılması, eləcə də hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin verilməsi, arayışların tərtib edilməsi iş fəaliyyətimə daxildir.

İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?

Müasir və çevik iş mühitində hüquqşünaslarla yanaşı, energetika sahəsində peşəkar olan  mühəndislər və digər mütəxəssislərlə birgə çalışmaq, müsbət və dəstəkverici komandanın tərkib hissəsi olmaqdan məmnunam. Eyni zamanda, hüquq sahəsindəki dəyişikliklər və inkişafı izləmək, sahə üzrə hüquqi sənədlərin hazırlanması və onların ekspertizasını həyata keçirmək, habelə bərpaolunan enerji sahəsinin inkişafı, “yaşıl enerji”yə keçid, “sıfır karbon emissiyası” kimi qlobal çağırışlara hədəflənmiş ölkəmiqyaslı layihələrdə və strateji proqramların icrasında iştirak etmək işimin xoş tərəflərini əhatə edir.

Avropa Enerji Tənzimləyiciləri Şurasının (Council of European Energy Regulators - CEER) təşkilatçılığı ilə Bakıda keçirilən seminar, 2024

Deyirlər ki, insanın xarakteri onun karyera seçiminə təsir göstərir. Sizin fikrinizcə, xarakter karyera seçiminə təsir göstərir, yoxsa karyera seçimi xarakteri formalaşdırır?

Fikrimcə, xarakter və karyera seçimi arasında qarşılıqlı bir əlaqə mövcuddur və hər iki faktor bir-birinə təsir edə bilər. Karyera seçimi və iş mühiti insanın xarakterini inkişaf etdirə bilər. İş mühiti və peşəkar təcrübə insanın yeni bacarıqlar qazanmasına və xarakter xüsusiyyətlərinin formalaşmasına kömək edir. Çətin layihələr və qarşılaşdığınız məsələlər xarakterinizi daha da möhkəmləndirə bilər. İnsanlar öz xarakterlərinə uyğun karyera yollarını seçərək daha yaxşı nəticələr əldə edə bilərlər, eyni zamanda karyera seçimi onların xarakterini inkişaf etdirə bilər. Beləliklə, xarakter və karyera seçimi arasında qarşılıqlı və dinamik bir əlaqə mövcuddur.

Peşə fəaliyyətinizdə nələri vacib hesab edirsiniz?

Bildiyiniz kimi, hüquqşünas olmağın on qızıl qaydası var və bu qaydaların daim rəhbər tutaraq inkişaf etdirilməsi hər bir hüquqşünasın peşə fəaliyyətində önəmli yer tutur.  Fikrimcə, hüquqşünas öz peşə fəaliyyətində bu qaydalara riayət etməlidir: 

Analitik düşünmə qabiliyyəti - analitik düşünmə qabiliyyəti mükəmməl olmalıdır.

Araşdırma aparmaq qabiliyyəti - sənədlər üzərində geniş araşdırma aparmaq, qanunvericilik toplusunu incə detallarına qədər araşdırmaq bacarığı olmalıdır.

Əlaqələrin qurulması qabiliyyəti – fəaliyyət göstərdiyin sahə üzrə geniş əlaqələrə sahib olmalı, digər hüquqşünaslarla daimi əlaqə saxlamalı, yaranmış problemləri müzakirə etməlidir.

Təsirli nitq söyləmək qabliyyəti - qanunvericiliyin tələblərini aydın və tam şəkildə izah etməlidir.

Yaradıcılıq qabiliyyəti - məsələyə fərqli prizmalardan yanaşmalı və daima yenilikçi olmalıdır.

Əzmkarlıq və səbrli olmaq – gərgin araşdırmaların aparılması və sənədləri hazırlanması üçün güclü iradə, əzm və səbir kimi müsbət keyfiyyətlərə sahib olmalıdır.

Təhsilin daim inkişaf etdirilməsi - hüquq geniş bir məfhumdur, buna görə də yaşından asılı olmayaraq daima öz peşə təhsilini artırmaq lazımdır.

Oxuduğunu qavramaq bacarığı - oxuduğunu mükəmməl şəkildə qavramaq və təhlil etmək qabiliyyəti olmalıdır.

Yazma bacarığı – peşəkar yazı yazmaq bacarıqlarını inkişaf etdirməlidir.

Təvazökarlıq - bütün peşələrdə olduğu kimi, hüquqşünas üçün təvazökarlıq mühüm keyfiyyətlərdən biridir. 

“ACE Group Consultants” şirkəti tərəfindən Bakıda keçirilən seminar, 2024

Energetika sahəsində hüquqşünas olmaq istəyənlərə tövsiyələriniz nələrdir?

Rəqib kimi özünüzü seçin və daim inkişafda olun. Ümumiyyətlə, gənclərə tövsiyəm odur ki, birincisi, onlar öz güclü və zəif tərəflərini kəşf etməli, həyatdan nə istədiklərini və gələcək məqsədlərini düzgün müəyyən etməlidirlər. Energetika sahəsində gələcək karyeralarını formalaşdırmaq istəyən hüquqşünaslara isə tövsiyəm ondan ibarətdir ki, nəzəri biliklərlə yanaşı, bu sahədə fəaliyyət göstərən yerli və xarici hüquq şirkətlərində, istehsalat müəssisələrində və tənzimləyici orqanda təcrübə proqramlarında iştirak edərək sahə üzrə praktiki biliklər və təcrübə qazanmağa yönəlsinlər. Buna nail olsalar, bu sahədə uğur qazanacaqlar.