Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Vəzifəmi həm də şəxsi və peşəkar inkişafım üçün bir platforma kimi görürəm”
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Ümumi şöbəsinin mütəxəssisi Mədinə Oruczadə “Karyera bloqu”na EMTA-dakı əmək fəaliyyətindən danışıb.
O, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində “Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb.
EMTA-da əmək fəaliyyətinə 2021-ci ildə Ümumi şöbənin qeydiyyatçısı olaraq başlayan Mədinə Oruczadə hazırda həmin şöbədə mütəxəssis kimi fəaliyyətini davam etdirir.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Fəaliyyətim əsasən sənədlərin məzmununun yoxlanılması, redaktəsi və tərtibatı üzərində cəmlənib. Bu çərçivədə, sənədlərin kargüzarlıq üzrə qanunvericilik və təşkilatdaxili tələblərə uyğunlaşdırılması fəaliyyətimin əsas istiqamətlərindən biridir. Vəzifəmi icra edərkən onu yalnız iş kimi deyil, həm də şəxsi və peşəkar inkişafım üçün bir platforma kimi görürəm.
İşinizdə sizi motivasiya edən amillər hansılardır?
İşimdə qarşılaşdığım müxtəlif çətinliklər və onların həlli prosesində əldə etdiyim təcrübələr mənim üçün geniş motivasiya mənbəyidir. Hər bir çətinlik mənə öz bacarıqlarımı sınamaq, diqqət, dəqiqlik və analitik düşüncə kimi keyfiyyətləri davamlı olaraq daha da inkişaf etdirmək imkanı verir. Digər tərəfdən, peşəkar təkmilləşməyim üçün yaradılan imkanlar, həmçinin fərqli təcrübələrdən faydalanmaq işimə olan marağı və motivasiyanı artırır.
Çox sayda daxil olan sənədləri redaktə edərkən vaxtla necə “mübarizə aparırsınız”?
Vaxtın düzgün idarə edilməsi işimin ən vacib cəhətlərindən biridir. İlk növbədə, hər bir sənədin təcili və ya strateji əhəmiyyətini qiymətləndirir, davamlılıq və məhsuldarlığı qorumaq üçün isə iş prosesimi strukturlaşdırıram. Bu, vaxt itkisini minimuma endirir və daha səmərəli işləməyimə imkan yaradır. Səmərəli vaxt idarəetməsi mənə həm keyfiyyət, həm də sürəti təmin etməkdə yardımçı olur.
Hansı növ sənədlərlə işləməyi peşəkar inkişaf baxımından faydalı hesab edirsiniz?
Peşəkar inkişaf baxımından mənim üçün strateji əhəmiyyət kəsb edən və kompleks yanaşma tələb edən sənədlərlə işləmək xüsusilə faydalıdır. Hüquqi sənədlər, texniki təlimatlarla işləmək sahə üzrə terminologiyanı mənimsəmək baxımından çox faydalıdır. Beynəlxalq yazışmalar və media ilə əlaqəli sənədlər üzərində işləməyi önəmli hesab edirəm, çünki bu, eyni zamanda kommunikasiya bacarıqlarımı inkişaf etdirir.
Aldığınız ən yaxşı karyera məsləhəti hansıdır?
Ən yaxşı və əsla unutmadığım karyera məsləhətim belə idi: “Kiçik məqsədlərlə başla, lakin həmişə böyük hədəflərə yönəl”. Bu məsləhət mənə iş həyatında hər bir mərhələni qiymətləndirməyi və əldə etdiyim kiçik nailiyyətlərin daha böyük məqsədlərə doğru bir yol olduğunu öyrədir.