Azər Məmmədov
  • KateqoriyaKaryera Bloqu

“Burada çalışmaq mənə xüsusi zövq verir”

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Şəki filialının aparıcı müfəttişi Azər Məmmədov “Karyera bloqu”na EMTA-dakı əmək fəaliyyətindən danışıb.

O, Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) “Energetika və enerji maşınqayırması” fakültəsinin “Elektrik stansiyaları” ixtisası üzrə bakalavr təhsili alıb.

EMTA-nın Şəki filialında əmək fəaliyyətinə 2018-ci ildə müfəttiş kimi başlayan Azər Məmmədov hazırda həmin filialda aparıcı müfəttiş vəzifəsində çalışır.


EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz? 

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə həyata keçirilən nəzarət tədbirlərində, həmçinin daxil olan vətəndaş müraciətlərinin araşdırılıb həll olunmasında iştirak edirəm. Qeyd edim ki, bütün bu proseslərdə mütəmadi olaraq qanunvericilik aktlarından istifadə olunduğu üçün bu sahədə baş verən yenilikləri daim izləyir və diqqətdə saxlayıram.

İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?

Energetika həm mürəkkəb, həm də innovativ layihələrlə zəngin sahədir.  Enerji sektorunda baş verən yenilikləri daha yaxından izləmək, həm də bu yeniliklərin iş prosesində tətbiq edilməsi ilə bağlı təcrübə qazanmaq işimin sevdiyim tərəflərindəndir.

Peşə fəaliyyətinizdə nələri vacib hesab edirsiniz?

Peşəkarlığın əsas meyarlarından biri də peşə etikasına riayət olunmasıdır. Peşə fəaliyyətində bu etik normalara əməl olunmasını, eyni zamanda öz üzərində çalışmağı və təhliletmə bacarıqlarını  inkişaf etdirməyi vacib hesab edirəm. Əlavə olaraq qeyd edim ki, Agentlikdə yüksək komanda ruhunun olması vurğuladığım amilləri həyata keçirməyə imkan yaratmaqla yanaşı, işin məhsuldarlığına müsbət təsir göstərir və iş prosesində nöqsanlardan uzaq olmağa kömək edir.

Aldığınız ən yaxşı karyera məsləhəti hansıdır?

Aldığım ən yaxşı karyera məsləhəti bilgili insanların əhatəsində olub onların bilik və təcrübələrindən faydalanmaqla bağlı olub. Qeyd edim ki, işlərin icrasında nəzəri və praktiki biliklər xüsusi əhəmiyyət kəsb edir və bu bilikləri inkişaf etdirmək lazımdır.

Sizcə, EMTA-da çalışmağın hansı üstünlükləri var?

Mehriban, peşəkar kollektivin və şəffaf iş mühitinin olması EMTA-da çalışmağın əsas üstünlüklərindəndir. Həmçinin Agentliyin fəaliyyətində ədalətlilik prinsipi ön planda olduğu üçün burada çalışmaq mənə xüsusi zövq verir.