Mahir Əhmədov
  • KateqoriyaKaryera Bloqu

“Hər bir çətin anı öyrənmə fürsəti kimi görür və yeni təcrübələr qazanıram”

“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Təminat şöbəsinin baş mütəxəssisi Mahir Əhmədovdur. O, Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) Avtomatlaşdırma və idarəetmə fakültəsinin “Avtomatika və texniki sistemlərdə idarəetmə” ixtisası üzrə bakalavr təhsili alıb.

EMTA-da əmək fəaliyyətinə 2023-cü ildə böyük mütəxəssis kimi başlayan Mahir Əhmədov hazırda baş mütəxəssis kimi fəaliyyətini davam etdirir.


EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?

İş fəaliyyətim Agentliyin illik satınalma planına uyğun olaraq, malların, işlərin və xidmətlərin ardıcıllıqla satınalınmasını həyata keçirməklə əlaqəlidir. Belə ki, satınalmalar haqqında elanları “Dövlət satınalmalarının vahid internet portalı”nda yerləşdirməzdən əvvəl ehtimal olunan dəyərin müəyyən edilməsi üsullarından istifadə edərək malların, işlərin və xidmətlərin ehtimal olunan dəyərini müəyyənləşdirir və əldə edilən məlumatlar əsasında bütün lazımi sənədləri hazırlayıram.  Qeyd edim ki, dövlət satınalmaları həyata keçirilərkən təchizatçıların portal vasitəsilə təqdim etdiyi sənədlərin yoxlanılması, Agentliyin satınalma komissiyası tərəfindən qalib seçilmiş təchizatçılar ilə imzalanmış müqavilə şərtlərinə əsasən, satın alınan malların, işlərin və xidmətlərin təhvil-təsliminin və ümumiyyətlə, təchizat zənciri üzrə proseslərin həyata keçirilməsi də işimin əsas tərkib hissəsidir.

İşinizin spesifik xüsusiyyətləri nələrdir?

Satınalma prosesləri diqqət, analitik düşüncə, ünsiyyət bacarıqları və müəyyən hüquqi biliklər tələb edir. Bununla yanaşı, işlərin planlaşdırılması da xüsusi önəm kəsb edir. Bu səbəbdən, prioritet layihələr önə çəkilir, plan tərtib olunur və işlər plana uyğun ardıcıllıqla yerinə yetirilir. Lakin işlərin icrası zamanı gözlənilməz hallar baş verə bilər, bu halda sürətli və koordinasiyalı hərəkət etmək vacibdir. Hazırlıqlı olmaq və alternativ planlar üzrə addım atmaq riskləri minimuma endirməyə kömək edir.

Ruhdan düşdükdə, yaxud çətin məqamlarla qarşılaşdıqda, sizə nə motivasiya verir?

Qeyd etdiyim kimi, işimin çətin tərəfi gözlənilməz hallarla üzləşməkdir, amma məhz bu çətinliklər problemləri həlletmə qabiliyyətimi inkişaf etdirir. Hər bir çətin anı öyrənmə fürsəti kimi görür və yeni təcrübələr qazanıram. Ruhdan düşdüyümdə və ya bu kimi çətin məqamlarda qarşımdakı məqsədləri xatırlayaraq yenidən motivasiya tapmağa çalışıram. Komanda dəstəyi və şəxsi inkişaf da bu proseslərdə mənə böyük motivasiya verir.

Çalışdığınız sahədə işləmək istəyən şəxslərə nə kimi tövsiyələriniz olardı?

Bu sahədə uğurlu olmaq üçün dövlət satınalmaları haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərdən xəbərdar olmaq, daimi öyrənmək və yeni bacarıqlara yiyələnmək lazımdır. Eyni zamanda, analitik düşüncə, kommunikasiya bacarıqları və risklərin idarə edilməsi üzrə biliklərə sahib olmaq vacibdir. Həmçinin, məsuliyyət və dəqiqlik bu sahənin mütəxəssisi üçün zəruri keyfiyyətlərdir.

Sizcə, EMTA-da çalışmağın hansı üstünlükləri var?

EMTA müxtəlif qurumlarla əlaqəli fəaliyyət göstərir və bu, şəbəkələşməyə, yeni əməkdaşlıq imkanları yaratmağa kömək edir. Eyni zamanda, Agentlik öz əməkdaşlarının peşəkar inkişafını dəstəkləyir və davamlı olaraq təlimlər, vebinarlar təşkil etməklə, bilik və bacarıqlarının təkmilləşdirilməsində stimullaşdırıcı rol oynayır.