Elmar Güləliyev
  • KateqoriyaKaryera Bloqu

AERA-nın əməkdaşlarının tanıdılması istiqamətində həyata keçirilən layihənin növbəti iştirakçısı Strateji planlaşdırma və innovasiyalar şöbəsinin böyük mütəxəssisi Elmar Güləliyevdir. 

AERA-da əmək fəaliyyətinə 2018-ci ildə köməkçi mütəxəssis kimi başlayan Elmar Güləliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2014-2018-ci illərdə “İstehsalat proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə bakalavr, 2018-2020-ci illərdə isə magistr təhsili alıb.  

AERA-da çalışdığı qısa müddət ərzində fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və 2022-ci ildən böyük mütəxəssis kimi vəzifəsini icra edir. 


AERA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?

Gündəlik fəaliyyətimiz qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanması və həyata keçirilməsində iştirak, sahə üzrə beynəlxalq innovativ təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması, eləcə də enerji resurslarından səmərəli istifadə üzrə mexanizmlərin hazırlanması və şöbənin əsasnaməsi ilə müəyyənləşmiş digər tədbirlərdən ibarət olur. Bu sadalanan fəaliyyətlər ilk baxışdan mürəkkəb görünə bilər, lakin görülən işlərin aktuallığı, eyni zamanda Agentliyin peşəkar kollektivinin birgə dəstəyi ilə tapşırıqların zamanında icrası, həmçinin innovasiyaların uğurlu tətbiqi məni daha da ruhlandırır. Bununla bağlı bir məqamı da vurğulmaq istərdim ki, Agentlikdə yüksək səviyyədə kollektiv iş birliyi mövcuddur ki, bu da kadrların inkişafına, onlar arasında müsbət qarşılıqlı münasibətlərin formalaşmasına zəmin yaradır.

İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?

Ölkəmizdə energetika sektorunda tənzimləmə yeni bir sahə kimi mövcud olduğundan Agentlik tərəfindən bu sahənin təməlinin düzgün qurulması və inkişaf etdirilməsi istiqamətində intensiv işlər aparılır. Təbii ki, bu məqsədlə tənzimləmə sahəsində uğurlu təcrübəyə malik ölkələrin keçdiyi yolların, üzləşdiyi çətinliklərin araşdırılması və qabaqcıl təcrübənin tətbiqi üzrə tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Məhz bu səbəbdən bütün bu proseslərin içərisində olmağım, həmçinin sözügedən sahənin təməlinin qurulmasına töhfə vermək imkanımın olması mənim üçün işdə ən müsbət cəhətlərdəndir.

Strateji planlaşdırma və innovasiyalar sahəsində karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?

Düşünürəm ki, bu sahədə karyera qurmaq istəyən şəxslər ilkin olaraq məsələyə strateji uzaqgörənliklə yanaşa bilən, şöbənin adından da göründüyü kimi yeniliklərə açıq, qabaqcıl təcrübəni mütəmadi araşdırmağa həvəsli olmalıdırlar. Hazırda əmək bazarı çox geniş spektri əhatə edir və əsas etibarilə gənc kadrlara üstünlük verilir ki, mən də gənc və bu sahədə çalışan bir kadr olaraq digər gənclərə daim yenilikləri izləməyi, tendensiyalara nəzər yetirməyi və innovativ təfəkkürdə olmağı məsləhət görərdim.  

AERA-da çalışmaq istəyən şəxslərə nə kimi tövsiyələriniz olardı?

İş təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ilkin olaraq AERA-nın fəaliyyəti, eyni zamanda tənzimlənən sahələr üzrə mövcud qanunvericilik, strategiya və dövlət proqramları barədə məlumatlı olan namizədlər Agentliyin kollektivinə qoşulmağa daha yaxın ola bilərlər. Yaradıldığı müddətdən qısa zaman ötməsinə baxmayaraq, Agentlik aparıcı beynəlxalq təşkilatlar tərəfindən tanınır və onlarla mütəmadi şəkildə qarşılıqlı əməkdaşlıq aparır. Buna görə də xarici dil bilikləri AERA-da çalışmaq istəyən namizədlərə əlavə üstünlük verəcəkdir.

Yekunda qabaqcıl Avropa standartlarını özündə cəmləşdirən, günün tələblərinə cavab verən və daim inkişaf etməkdə olan bir təşkilatda özünü sınamaq istəyənlərə AERA-da  karyera qurmaq üçün müraciət etmələrini tövsiyə edərdim.