Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Agentlikdə gənc mütəxəssislərə göstərilən dəstək və onların peşəkar inkişafına verilən önəm məni işimdə həvəsləndirən əsas amillərdir”
“Karyera bloqu”nun budəfəki müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) ən gənc əməkdaşı – Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin mütəxəssisi Fidan Həsənovadır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Kompüter elmləri” ixtisası üzrə bakalavr, Bakı Ali Neft Məktəbində isə İsveçrənin UBİS (University of Business Innovation and Sustainability) universiteti ilə birgə həyata keçirilən MBA proqramının “Layihələrin idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb. Bununla yanaşı, Böyük Britaniyanın Leicester Universitetində “Risk, böhran və fəlakətlərin idarə edilməsi” ixtisası üzrə ikinci magistr təhsilini qiyabi formada davam etdirir.
EMTA-da əmək fəaliyyətinə 2023-cü ildə köməkçi mütəxəssis kimi başlayan Fidan Həsənova hazırda mütəxəssis vəzifəsində çalışır.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
Agentlikdə əsas fəaliyyətim işlədiyim şöbənin əsasnaməsinə uyğun olaraq, müvafiq sahədə qanunvericilik aktları, inkişaf konsepsiyaları, məqsədli proqramlar, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla investisiya mühitinin əlverişliliyinin artırılması, istehsalın diversifikasiyası və investisiyaların cəlb edilməsi ilə bağlı stimullaşdırıcı mexanizmlərə dair təkliflərin hazırlanmasında, energetika sahəsində bazarın liberallaşması üçün tədbirlərin görülməsində iştirak etmək, eyni zamanda digər tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Əlavə olaraq qeyd etmək istərdim ki, sahə üzrə texnologiyaların sürətli inkişafını və yeni beynəlxalq yanaşmaların formalaşdığını nəzərə alaraq, bu istiqamətdə tendensiyalarla ayaqlaşmaq üçün mütəmadi özünü inkişaf da gündəlik fəaliyyətimin bir hissəsidir.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
İşimin ən sevdiyim tərəflərindən biri Agentlikdə mövcud olan yüksək səviyyədə kollektiv iş birliyidir. Bu birlik həm kadrların inkişafına zəmin yaradır, həm də onlar arasında müsbət qarşılıqlı münasibətlərin formalaşmasına kömək edir.
Hal-hazırda energetika sektoru yeni texnologiyaların tətbiqi ilə mütəmadi dəyişən standartlarla dinamik bir mühit təqdim edir və bu mühitdə işləmək mənə həm enerji sektorunda baş verən yenilikləri daha yaxından izləmək, həm də bu yeniliklərin bizim iş proseslərimizə necə inteqrasiya oluna biləcəyini öyrənmək imkanı verir. Qabaqcıl beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsi çərçivəsində müvafiq sahədə inkişaf perspektivlərini öyrənmək, ölkəmizdə energetika sahəsində aparılan islahatlar fonunda sağlam rəqabət mühitli enerji bazarının yaradılması proseslərinə töhfə verən layihələrdə iştirak etmək imkanımın olması mənim üçün işimin üstün cəhətlərindəndir.
Çalışdığınız sahədə karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?
Müasir dövrdə enerji keçidi ilə bağlı sürətlə yenilənən texnologiyaları nəzərə alaraq, bu sahədə çalışmaq istəyənlər liberallaşdırma prinsiplərinin tətbiqi və bazar münasibətlərinin effektiv təşkili sahələrində qabaqcıl təcrübə ilə maraqlanmalı, eyni zamanda investisiya mühitinin dinamikasının və risklərinin təhlili üçün analitik düşüncə qabiliyyətinə və müəyyən qədər texniki biliklərə malik olmalıdırlar. Bununla yanaşı, qarşıya qoyulmuş tapşırıqların icrasında innovativ yanaşmaların tətbiqi ilə kompleks həllərin təklifi və xarici dil bilikləri kimi bacarıqlar da bu sahədə karyera qurmaq istəyənlər üçün yardımçı olacaqdır.
Sizi öz işinizi daha yaxşı icra etməyə həvəsləndirən amillər hansılardır?
Agentlikdə gənc mütəxəssislərə göstərilən dəstək və onların peşəkar inkişafına verilən önəm məni işimdə həvəsləndirən əsas amillərdir. Bu da hər bir mütəxəssisin öz potensialını tam şəkildə reallaşdırmasına imkan yaradır və dəyərli təcrübə qazanmaqda mühüm rol oynayır.
Ölkəmizdə energetika sahəsində aparılan islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdə kiçik də olsa töhfə vermək imkanımın olması məni işimə məsuliyyətlə yanaşmağa və qarşımda duran tapşırıqları yüksək səviyyədə icra etməyə sövq edir.
Enerji sektoru kimi dinamik və daim inkişaf edən bir sahədə işləmək mənim üçün yeniliklərə uyğunlaşmaq, yeni biliklər əldə etmək və öz peşəkar bacarıqlarımı daha da inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Bu, mənim işimə olan həvəsimi artırır və məni işimdə daha yüksək uğurlar əldə etməyə ruhlandırır.