Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
AERA əməkdaşlarının tanıdılması istiqamətində yeni layihəyə start verib. Layihənin əsas məqsədi AERA əməkdaşlarının icra etdikləri vəzifə üzrə düşüncələrini bölüşməklə enerji tənzimlənməsi sahəsində çalışmaq istəyən şəxslərə bu yöndə dəstək olmaqdır.
Layihənin ilk iştirakçısı AERA-nın Texniki normativ və tənzimləmə şöbəsinin aparıcı mütəxəssisi Mirməhəmmədəli Aslanovdur.
Bilirsinizmi, mənim karyera yolumun bir hissəsi istehsalat və istehsal prosesləri ilə bağlı olub. Ümumiyyətlə, uşaqlıqdan istehsal proseslərinə olan marağım peşə seçimimə əsas təsiredici amil oldu və elektrik enerjisinin istehsalı üzrə ixtisaslaşdım. Bu sahədə müxtəlif dövrlərdə, müxtəlif işlərdə çalışdıqdan sonra yollar AERA ilə kəsişdi. AERA-dakı işim mahiyyət etibarı ilə bu sahədə dövlət siyasətinin formalaşdırılması və bu siyasətin həyata keçirilməsində iştirakdan ibarətdir. Yəni, bugünkü işim uşaqlıq arzumla uzlaşır. İşimin də ən sevdiyim tərəfi sevdiyim işlə məşğul olmağımdır.
Mən hər zaman iş qrafikmə sistemli yanaşmağa çalışıram. Hər iş günün sonunda sabah görəcəyim işləri planlayaraq dəftərimə qeyd edirəm və beləcə hər səhər işə gəldiyimdə günün planları artıq iş masamın üzərində olur. Sözsüz ki, bəzi günlərdə qeyd dəftərində ki planlardan kənarlaşmalar olur, amma düzünü desəm, bu kənaraçıxmalar hər zaman inkişafla nəticələnir.
Fikrimcə, AERA-da çalışmaq niyyətində olan şəxs müraciət etdiyi vakansiya üzrə öz bilik və bacarıqlarına əmin olmalı, həmçinin rəqabət mühitində bütün rəqiblərini üstələməlidir. Bu isə öz üzərində davamlı işləməklə mümkündür. Təcrübə onu göstərir ki, bu mərhələləri keçən şəxslər gələcək karyeralarında da birmənalı olaraq uğurlu olurlar. Uğura gedən yol istəməkdən başlayır.