Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“Gördüyüm işin başqalarına faydalı olması işimə olan həvəsimi daha da artırır”
“Karyera bloqu”nun növbəti müsahibi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Bakı filialının rəis müavini Nihad Bağırovdur.
Nihad Bağırov ilk bakalavr təhsilini 2014-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-Qaz qurğuları mühəndisliyi” ixtisası üzrə fərqlənmə diplomu ilə, ikinci bakalavr təhsilini isə 2022-ci ildə ADNSU-nun “Elektrik mühəndisliyi” ixtisası üzrə bitirib.
O, EMTA-da əmək fəaliyyətinə 2018-cu ilin avqust ayında hazırda çalışdığı filialın müfəttişi olaraq başlayıb. Qısa müddət ərzində fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və 2020-ci ilin iyun ayından EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin mütəxəssisi, sonra aparıcı mütəxəssisi, 2024-cü ilin yanvar ayından isə EMTA-nın Bakı filialının rəis müavini vəzifəsinə təyin olunub.
EMTA-dakı fəaliyyətinizi necə təsvir edərdiniz?
EMTA-dakı fəaliyyətimi məhsuldarlıq, dəqiqlik və komanda işi ilə təsvir edərdim. İşimiz kifayət qədər dinamikdir və düşünürəm ki, vəzifəmin icrası üçün məndən texniki biliklərin, həmçinin ünsiyyət bacarıqlarının olması tələb edilir. Əsasən verilən tapşırıqları vaxtında və dəqiq şəkildə yerinə yetirməyə, problemləri həll etməyə və komanda ilə effektiv əməkdaşlıq etməyə çalışıram. Məqsədim yeniliklərə açıq olmaq və peşəkar inkişafımı davam etdirməkdir.
İşinizin ən sevdiyiniz tərəfləri nələrdir?
İşimdə ən sevdiyim tərəflərdən biri yeni məlumatlar öyrənmək və müxtəlif problemləri araşdırıb həll etməkdir. Eyni zamanda, komanda ilə birlikdə müxtəlif layihələr üzərində işləmək işimi maraqlı edir. Onu da deyə bilərəm ki, hər yeni layihəyə başlayarkən onun uğurlu olacağına inanıram və bu istiqamətdə daim səy göstərirəm.
Çalışdığınız sahədə karyera qurmaq istəyən şəxs hansı bacarıqlara sahib olmalıdır?
Bu sahədə karyera qurmaq istəyən şəxslərdən məlumatları təhlil etmək və məntiqli nəticələr çıxarmaq qabiliyyəti, qarşıya çıxan problemləri müəyyən etmək və onların həll yollarını tapmaq bacarığı tələb olunur. Həmçinin, bu sahəyə uyğun texniki biliklər və komanda ilə effektiv əməkdaşlıq, yaxşı ünsiyyət qurmaq bacarığı da vacibdir.
Eyni zamanda, enerji sahəsinin sürətlə inkişaf edən təbiətini nəzərə alaraq uyğunlaşma və davamlı öyrənmək də tələb olunur. Bu bacarıqlar karyera inkişafında mühüm rol oynayır və peşəkar uğur əldə etməyə kömək edir.
Avropa Komissiyası və BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən təşkil edilən “Urbanizasiya Səviyyəsi (DEGURBA) yanaşmasının tətbiqi” və “DİM 11 göstəricilərinin hesablanması və Urbanizasiya Səviyyəsi (DEGURBA) yanaşmasının tətbiqi” mövzusunda texniki təlim kursları, 2023-cü il
Sizi öz işinizi daha yaxşı icra etməyə həvəsləndirən amillər hansılardır?
Yeni biliklər və bacarıqlar əldə etmək, peşəkar inkişafı davam etdirmək, işimlə bağlı alınan müsbət rəylər, həmçinin qarşılıqlı dəstək və yaxşı ünsiyyət məni mükəmməlliyə can atmağa ruhlandırır. Bundan əlavə, gördüyüm işin başqalarına faydalı olması işimə olan həvəsimi daha da artırır.